Naxçıvanda qurbanlıq heyvanların satış və kəsim yerləri açıqlanıb - FOTOLAR
Naxçıvanda 8 ünvanda qurbanlıq heyvanların satış və kəsimi həyata keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi (NQTA) məlumat yayıb.
Agentlikdən bildirilib ki, iyunun 6-7-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə muxtar respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq ki, ondan 4-ü müasir tələblərə cavab verən, bütün zəruri avadanlıqlarla təchiz olunmuş səyyar heyvan kəsimi çadırlarıdır. Bunlardan 6-da həm kəsim, həm satış, 1-də yalnız heyvan kəsimi xidmətləri, 1-də isə yalnız diri heyvanların satışı təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq.
"Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər", - deyə məlumatda qeyd olunub.