Əfv Sərəncamı Naxçıvanda bir məhkuma şamil edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, ölkə Prezidenti cənab İlham Əliyevin mayın 26-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Naxçıvan Muxtar Respublikasında da icra olunub. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən bir nəfər məhkumun cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Bu münasibətlə cəzaçəkmə müəssisəsində tədbir keçirilib.
Tədbirdə Penitensiar Xidmətin Strateji Planlaşdırma və Monitorinq Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov Sərəncamın əhəmiyyətinə toxunaraq bildirib ki, cəzaçəkmə müəssisələrində məhbusların cəmiyyətə adaptasiyası və gələcək azadlıq həyatlarını islah olunmuş şəkildə qurması üçün mütəmadi tədbirlər həyata keçirilir.
Tədbirdə cəza müddəti azaldılan Fərid İbrahimli də iştirak edib. Bu tədbir vətəndaşın azad həyata uyğunlaşmasına və məşğulluğunun təminatına imkan yaradacaq.