Mən gözlədim sən gəlmədin - FOTOLAR
İndi, bax elə bu dəqiqə hər kəsin yadına Qədir Məmmədovun “Gəlmədin” mahnısı düşür. Çoxları bəlkə də zümzümə edir bu an, bu saat...
Yollarında bitib qaldım,
Döngəsində itib qaldım,
Tənha qaldım, yetim qaldım,
Mən gözlədim sən gəlmədin.
Amma səmimi olum, söhbət Qədir müəllimin ürək parçalayan mahnısında yox, şəhərdaxili marşrutlardan gedir. Əsas da çoxdan nağıla dönmüş bir çox marşrutlardan.
Zəngli saatı 07:00-a qurursan və 07:55-də hövlang ayılıb Qurbanəli bəy kimi hopbanıb düşürsən. Bilmirsən papaq axtarasan, bilmirsən corab axtarasan onunda bir tayını tapasan-tapmayasan. Qapını bağlayıb elə küçəyə çıxırsan ki, dayanacaqda bir addım irəli iki addım geriyə hirsli adamların baxışları ilə qarşılaşırsan. Hamı qoluna taxdığı saata köklənib işə çatıb çata bilməyəcəyini müşahidə edir. Burada hər kəs “gecikmiş müəllim”, “ümidlə gözləyən tələbə” və başqa obrazlara bürünüb. Sanki hamı bu tamaşanı marşrutlara göstərmək üçün bir-biri ilə yarışa girib.
İctimai nəqliyyat şəhərlərin döyünən ürəyidir deyirlər. Çünki insanlar həyatın ritmini onunla tuturlar. Əsasən də səhər-səhər. O gecikərsə hər şey gecikər, o, hərəkətə gələrsə hər şey canlanar.
Ən dramatik səhnələr isə “gələcək, gəlməlidir, bu dəfə mütləq gələcək” düşüncəsiylə yaşanan 20 dəqiqəlik gözləmə və sonra qəfil qərar: “Taksi çağırım da, nolacaq ki?” Bəs sonra? Artıq insanlar duracağa marşrut vaxtı əsəblərini cilalayaraq çıxırlar. Sanki təlimdədirlər. Görəsən əsəblərimizi nə qədər tarıma çəkə biləcəyik? Bəs bu əsəbin mənbəyi nədir? Təbii ki, baş sponsor olan şəhərdaxili marşrutların bir çoxu.
Əslində məsələni biraz da biz qəlizləşdiririk. Nolacaq ki, güya gec gəlsə gözümüzü yolda qoyanlar? Uzağı səssizlik çökəcək dayanacağa. Yenidən gözləri dikiləcək saatlara. Yenidən içimizdən bir Qədir Məmmədov baş qaldıraraq zümzümə edəcək: “Yollarında bitib qaldım...” Və sən başa düşürsən ki, artıq marşrut yox, həyatdakı səbrini gözləyirsən.
Pnar Yusifli
Naxçıvan televiziyasının əməkdaşı