Naxçıvanda avtobus sürücüləri sərnişinlərin maarifləndirilməsi ilə məşğul olacaq - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, muxtar respublikada ilk dəfə olaraq şəhərdaxili avtobus sürücülərinə Daxili İşlər Nazirliyi tərəfindən yaddaş kartları və disklər paylanılıb. Məqsəd sərnişinləri yol hərəkəti qaydalarına və piyada keçidlərindən düzgün istifadə etmələri barədə maarifləndirməni daha da gücləndirməkdir.
Bu münasibətlə Naxçıvan Şəhər Nəqliyyat İdarəsində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin əməkdaşları məlumat veriblər.
Dövlət Nəqliyyat Xidmətinin sektor müdiri Natiq Həsənov bildirib ki, hazırda muxtar respublika üzrə 313 avtobus, 496 taksi olmaqla ümumilikdə 800-dən artıq avtonəqliyyat vasitəsilə sərnişinlərə nümunəvi xidmət göstərilir.
Vurğulanıb ki, avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidməti istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə qanun pozuntusunun qarşısının alınması, daşımaların təhlükəsizliyi, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidməti göstərən sürücülərə lisenziyaların verilməsi vacib məsələdir.
Avtomobillə sərnişin daşıma fəaliyyəti üçün alınan lisenziyanın qüvvədə olma müddəti isə 1 ildir. Avtomobil nəqliyyatı ilə sərnişin daşınma xidməti göstərən hər bir sahibkar avtomobilin texniki baxışdan keçməsi haqqında arayışı, tibbi arayışı və avtomobilə aid digər sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinə təqdim etməklə lisenziya əldə edə bilər. Bunun əsasında müvafiq xidmət göstərən nəqliyyat vasitələri lisenziya kartı ilə təmin edilir.
Tədbirdə bildirilib ki, ötən müddət ərzində 600-dən artıq sahibkara lisenziya verilib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin təbliğat işləri üzrə baş inspektoru, polis baş leytenantı Ayaz İsmayılov sürücülərin nizam-intizamı gözləmələrini, eləcə də yol hərəkəti qaydalarına əməl etmələrinin vacibliyini vurğulayıb və vətəndaşların yolu keçərkən piyada keçidlərindən istifadə etməsinin günün tələbi olduğunu nəzərə çatdırıb.
Bildirilib ki, şəhərdaxili avtobus sürücülərinə maarifləndirici mövzu ilə zənginləşdirilən yaddaş kartları və disklər paylanılacaq. Məqsəd sərnişinlər arasında yol hərəkəti qaydaları və piyada keçidlərindən düzgün istifadə etmələri barədə maarifləndirmə işlərini daha da gücləndirməkdir. Hər bir sürücü bu yaddaş kartlarından və disklərdən radio cihazları vasitəsilə istifadə etməklə sərnişinlərin maarifləndirilməsinə kömək etməlidir.
Sonra 40 nəfər şəhərdaxili avtobus sürücüsünə yaddaş kartları və disklər paylanılıb.
Sonda sürücüləri maraqlandıran suallara aydınlıq gətirilib.
Əbülfəz Dünyamalıyev