İyunun 24-də Qazaxıstanın paytaxtı Astanada yerləşən Beynəlxalq Türk Akademiyasında "Böyük çöl" IV Beynəlxalq Humanitar Forumu keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, "Türk sivilizasiyası: Keçmişdən bu günədək" adlı forumda görkəmli alimlər, türkoloqlar və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər. Tədbirdən Azərbaycandan geniş tərkibdə nümayəndə heyətinin iştirakı gözlənilir.
Forumda müasir türkologiyanın aktual problemləri, ümumi metodikanın inkişafı və türk sivilizasiyasının dünya mədəniyyətinə töhfəsi kimi mövzular müzakirə ediləcək.
Tədbir çərçivəsində Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş sessiya da keçiriləcək. Bundan başqa, forumda Əhməd bəy Ağaoğlunun 150 illiyi ilə bağlı müzakirələr aparılacaq.
Forumda "Böyük çölün sivilizasiyası və onun dünya mədəniyyətinə verdiyi töhfələr", " Türk dünyasının genezisi- Böyük çölün tarixində yeni dövr", "Müasir türkologiya: yeni yanaşmalar", "Avrasiyada inteqrasiya prosesləri: məkan və zaman üfüqləri" mövzularında panel sessiyalar keçiriləcək.