Qulamrza Süleymani: “Gələcəkdə Naxçıvanın təcrübəsindən faydalanaraq müştərək məhsullar istehsal etmək niyyətindəyik”
NUHÇIXAN xəbər verir ki, İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Qulamrza Süleymani “Şərq qapısı” qəzetinə müsahibəsində səfərin məqsədi barədə danışaraq deyib:
– İran İslam Respublikasının qonşu Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı əlaqələri yüksək səviyyədədir. İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının Naxçıvanla, təxminən, 140 kilometr sərhədi vardır. Azad zonanın inkişaf layihəsi çərçivəsində biz muxtar respublika ilə gömrük, tranzit, logistika, sənaye, turizm və digər sahələrdə, eləcə də istehsal olunan məhsulların müştərək ixracatı istiqamətində əməkdaşlıq qura bilərik. Səfər zamanı bütün bu məsələlərlə bağlı bir sıra yüksək səviyyəli görüşlər keçirdik, gələcək əməkdaşlığa dair çox faydalı müzakirələr apardıq. Düşünürəm ki, bu istiqamətdə həyata keçirilən işlər faydalı nəticələr verəcəkdir.
Qulamrza Süleymani vurğulayıb ki, müzakirələrdə yeni təkliflər səsləndirildi və biz gələcəkdə həmin təklifləri də icra etmək niyyətindəyik: “Bizim 500 min hektar ərazimiz var və fikrimcə, orada bu təklifləri gerçəkləşdirmək üçün geniş imkanlar mövcuddur. Onu da xüsusi qeyd edim ki, görüşlər zamanı Naxçıvanda iqtisadiyyatın inkişafı istiqamətində lazımi tədbirlər həyata keçirildiyini, dövlətin sahibkarlara biznes fəaliyyətini qurmaq, genişləndirmək üçün maliyyə yardımı göstərdiyini öyrənmək mənim üçün maraqlı oldu. Bütün bunları nəzərə alaraq gələcəkdə Naxçıvanın təcrübəsindən yararlanıb müştərək məhsullar da istehsal etmək niyyətindəyik. İnanıram ki, atacağımız addımlar hər iki tərəf üçün uğurlu olacaqdır”.
Nail ƏSGƏROV
Tural AĞAYEV
"Şərq qapısı" qəzeti