Bu gün Milli Qəhrəman Aytəkin Məmmədovun doğum günüdür

A- A A+

Vətənin dar anında keşiyində durub, xalqımızın qəhrəman oğullarından biri olan Aytəkin Məmmədov 1967-ci il  may ayının 29-da Gədəbəy rayonunun Göyəli kəndində anadan olub. Orta təhsilini kənd məktəbində başa vuran qəhrəman sonra texniki-peşə məktəbində təhsilinə davam edərək rəngsaz peşəsinə yiyələnib. 1985-ci ildə əsgəri xidmətini yerinə yetirmək üçün ordu sıralarına çağrılan Aytəkin xidməti müddətində Əfqanıstan müharibəsinə döyüşlərə göndərilib. İki il sonra ordudan təxris olunan qəhrəman Bakı şəhərinə gedərək tikinti idarəsində rəngsaz peşəsi üzrə işləməyə başlayıb. Həmin dövrdə Ermənistanın əsassız torpaq idiaları və Qarabağ torpaqlarında elan olunmayan müharibəyə başlaması bir çox vətənpərvər oğul kimi Aytəkin Məmmədovu da narahat edib. O, 1991-ci ilin fevral ayında Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə daxil olaraq hərbi təlimlərdə iştirak edib. Aprel ayında Xanlar rayonunun düşmən mühasirəsinə alınaraq atəş tutulmasına görə bölgəyə ezam olunan Aytəkin rayonun bir sıra kəndlərini düşmən hücumundan xilas etməyi bacarıb. O, döyüş yoldaşları ilə birgə Quşçu kəndinin qorunmasında da böyük şücaətlər göstərib. Kəndi qorumaq üçün düzgün mövqedə özünə yer seçib, pulemyotla düşməni geri çəkilməyə məcbur edən qəhrəmanın mübarizəsi uğurla nəticələnsə də, özü ağır yaralanaraq şəhadət şərbətini içib. Subay olan şəhidimiz doğulduğu Göyəli kənd qəbiristanlığında dəfn olunub.

Vətən torpaqlarının qorunmasında igidlik göstərib canını fəda edən Aytəkin Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Xatirəsi əziz tutulan Milli Qəhrəmanın adı Göyəli kənd orta məktəb və Yasamal rayonundakı 38 saylı orta məktəbə verilib. Həmçinin Göyəli kənd orta məktəbinin qarşısında Aytəkin Məmmədovun büstü qoyulub.

Milli Qəhrəmanımız Aytəkin İsrail oğlu Məmmədovun əziz xatirəsini anaraq, hörmətlə yad edirik. Ruhu şad olsun!

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: