Natalia Golumb: “Mətbəxi, insanları, gözəlliyi və lütfü ilə məniheyran edən Ordubad yer üzündə cənnətdir sanki...”
NUHÇIXAN xəbər verir ki, sosial şəbəkələrin birində Natalia Golumb adlı instagram istifadəçisi Ordubadın qədim adət-ənənələri, mətbəx nümunələri, quru meyvələri və zəhmətkeş insanlarının qonaqpərvərliyinin əksini tapdığı video paylaşıb. Ordubad limonu barədə ayrıca bir videonun aşağısında isə bu sözlər yazılıb : “Qiymətli Ordubad limonu görünüşü, rəngi, dadı, tamı və xoş ətri ilə seçilir. Bu diyarın havası, suyu saf və təmiz, torpağı isə faydalı elementlərlə zəngindir. Ona görə burada yetişdirilən meyvələr də belə dadlıdır”.
Natalia Golumb diqqətə çatdırır ki, xüsusi qaydalarla bişirilən Naxçıvan qovurması, ağartı məhsulları, bulama, Ordubad qayğanağı kimi yeməklər turistlər üçün cəlbedicidir.
Sosial şəbəkədəki paylaşımlarda Natalia Golumb Ordubadda ilk dəfə olduğunu, yolboyu dağların müxtəlif rənglər fonunda misilsiz görünüşü, xoş mənzərələrin onu cəlb etdiyini qeyd edib. Həmçinin gəzdiyi yerlər barədə geniş məlumat verib sosial şəbəkə izləyicilərinə. Qeyd edib ki, Ordubad insanları gözəl, təhlükəsiz, qonaqpərvər, istiqanlı, gülərüzdürlər və çox dadlı-tamlı və ləzzətli yeməkləri var. Ordubad limonu, soğan dolması, kökələr, qutab, əriştə, təndirdə bişirilən kabablar, xörəklər, həmçinin közün içərisində közləmə, külləmədə kartof, qarğıdalı, kömbə, bundan başqa, evdə olan ocaqlarda, məsələn, buxarıda qazanda hazırlanan müxtəlif yeməklər öz dadı ilə seçildiyini vurğulayıb.
Həmçinin kəklikotu, dağ nanəsi, zirinc, həmərsin, gülxətmi, şiyav, baldırğan və başqa bitkilər haqqında izləyicilərinə geniş məlumat verib.
Qeyd edək ki, Natalia Golumb restoranlar, aşpazlar, mətbəxlər haqqında olan “Mətbəx Couture” kitabının müəllifi, populyar qastronomiya layihəsinin yaradıcısıdır. Hazırda Bakı şəhərində yaşayır.
“Şərq qapısı” qəzeti