Naxçıvanda “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilib - YENİLƏNİB - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, mayın 30-da Heydər Əliyev Sarayında Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Naxçıvanda “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilib. Tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. İştirakçılar Ulu Öndərin xatirəsini ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar.

Sonra Heydər Əliyev Sarayının foyesində təşkil olunmuş sərgi zonaları və stendlərlə tanışlıq olub. Burada “Şərq qapısı” qəzeti, Naxçıvan televiziyası (NTV), Naxçıvan Dövlət Universiteti və “Məktəbli” qəzeti stendlərində Naxçıvan mediasının fəaliyyəti, tarixi, müasir media məhsulları və gənc jurnalistlərin fəaliyyətlərinə dair materiallar nümayiş etdirilib. Həmçinin tədbirdə “Kapital Bank”, “PAŞA Həyat Sığorta”, “Sirab” ASC və “Ləzzət” Şirkətlər Qrupu kimi sponsorların stendləri də öz yerini alıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və digər konfrans iştirakçıları gənc jurnalistlərin təqdim etdiyi arzular lövhəsinə xoş diləklərini qeyd ediblər.

Naxçıvan televiziyasının stendinə baxış zamanı televiziyanın "Azerspace-1" peyki üzərindən rəsmi yayımı həyata keçirilib.

MEDİAFEST iştirakçıları xatirə fotoları çəkdiriblər.

Sonra “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı öz işinə başlayıb.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin aparıcıları Jalə Həsənli və Nicat Quliyev hər kəsi salamlayaraq dövlət başçımızın milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamını diqqətə çatdırıb, Sərəncamda mediamızın gələcək planları və hədəflərinin açıq aydın göstərildiyini vurğulayıblar.

Sonra milli mətbuatımızın tarixindən və müasir inkişafından bəhs edən videoçarx izlənilib və səhnəcik nümayiş etdirilib.

Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə bütün mətbuat işçilərini səmimi-qəlbdən təbrik edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ölkəmizdə mətbuata, jurnalist əməyinə çox böyük hörmət, diqqət və dövlət dəstəyinin olduğunu qeyd edib. Vurğulayıb ki, Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda mətbuatın inkişafı sahəsində əsaslı işlər görülüb, dövlət-mətbuat münasibətləri yeni mərhələyə qədəm qoyub. Bu gün Ümummilli Liderimizin yolunu bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev mətbuatın inkişafına da xüsusi qayğı göstərir. Dövlət başçımızın “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 25 aprel tarixli Sərəncamı mətbuatın inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Son illərdə muxtar respublikada görülən işlərdən danışan səlahiyyətli nümayəndə deyib ki, Prezident İlham Əliyevin xüsusi diqqəti ilə hazırlanan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” islahatların yol xəritəsi rolunu oynayır. 2022-ci ilin icra göstəricilərinə nisbətən dotasiya istisna olmaqla büdcə daxilolmaları 2024-cü ildə 32% artıb. Bu da 198 milyon manata qarşı 262 milyon manat olub. Azərbaycan Respublikasının dövlət büdcəsindən muxtar respublikaya ayrılan dotasiya da mərhələli şəkildə azaldılıb. 2022-ci ilin göstəricilərinə nisbətən mərkəzi büdcədən ayrılmış dotasiyanın həcmi 425 milyon manatdan 185 milyon manata enib. Bu, 56% azalma deməkdir. O cümlədən 107 milyon manat mərkəzi büdcəyə ötürülüb. Bununla da, cəmi iki il ərzində Naxçıvana ayrılan dotasiya azalıb ki, bu da ölkə büdcəsinə olan yükü əhəmiyyətli dərəcədə yüngülləşdirib. Yerli gəlirlərdə də ciddi artım müşahidə olunub. Əgər 2022-ci ildə yerli gəlirlər büdcənin 31,78%-ni təşkil edirdisə, 2024-cü ilin sonuna bu göstərici 58,55%-ə yüksəlib. Dotasiya istisna olmaqla 2024-cü ilin və 2025-ci ilin 4 ayında büdcə daxilolmaları plana nisbətdə müvafiq olaraq 37% və 30% çox icra edilib. Büdcə xərcləri plana nisbətdə 2024-cü ildə 88%, cari ilin 4 ayında 87% icra edilib.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxışında konfransın Azərbaycan mediası üçün mühüm praktik əhəmiyyət daşıyacağını bildirərək qlobal informasiya mühitinin media trendlərinin formalaşmasına təsirindən danışıb. Qeyd edib ki, qlobal media forumlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsən iştirak etməsi, media nümayəndələrinin çoxsaylı suallarını cavablandırması dövlətimizin haqq səsinin dünyaya çatdırılması baxımından əlamətdar hadisə olmaqla yanaşı, eyni zamanda başlıca vəzifəsi cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək olan mediaya diqqət və qayğının müstəsna təzahürüdür.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov çıxışında bildirib ki, milli mətbuatın 150 illik yubileyi kimi tarixi bir hadisə ərəfəsində qədim Naxçıvanda MEDİAFEST-in keçirilməsi simvolik məna daşıyır. Çünki mədəni və intellektual irsin formalaşmasında müstəsna rol oynayan, maarifçilik ideyalarının daşıyıcısı olan Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur. Son illər Naxçıvan mediasının respublikanın sosial-iqtisadi inkişafında, mədəni irsinin tanıdılmasında və ölkəmizin ümumi media strategiyasına inteqrasiyasında mühüm addımlar atılıb. Bugünkü tədbir də bu prosesə və Naxçıvan mediasının daha da inkişafına yeni təkan verəcək.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan Respublikası Prezidentinin milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamından bəsh edərək bu addımı dövlətimizin mediaya ciddi dəstəyinin nümayişi kimi dəyərləndirib. Milli mətbuatımızın inkişaf tarixinə diqqətçəkən Rəşad Məcid Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə mətbuatın inkişafı, söz azadlığının bərqərar olması istiqamətində atdığı mühüm addımlardan danışıb. O əlavə edib ki, xüsusən də 1990-1993-cü illərdə Ulu Öndərin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə "Şərq qapısı" qəzeti və Naxçıvan televiziyasının yaratdıqları salnamələr onların arxivlərində qorunur. Bu dəyərli mənbələr bu gün üçün də böyük məxəzdir və Ümummilli Liderin  şəxsiyyətini daha yaxından tanımaqda önəmli rol oynayır.

Tədbir müddətində Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə beynəlxalq media təmsilçilərinin təbrik videoları təqdim olunub. Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun, Anadolu Agentliyinin baş direktoru Serdar Karagöz, Özbəkistan Gənc Jurnalistlər Birliyinin sədri Şöhrət Arif, Avropa Xəbər Agentliyinin İtaliya nümayəndəsi Carlo Marino və Qazaxıstan televiziyasının Xəbərlər Departamentinin direktoru Beynequl Abauova Azərbaycan mediasını yubiley münasibətilə təbrik ediblər.

Konfrans çərçivəsində “Dezinformasiya və fake news-larla mübarizə” mövzusunda panel müzakirəsi keçirilib. MEDİA-nın Naxçıvan Regional İdarəsinin müdiri Vəfa İsgəndərovanın moderatorluğu ilə baş tutan paneldə Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, jurnalist Rüfət Həmzəyev, Mətbuat Şurası İdarə Heyətinin üzvü Elşad Eyvazlı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov fikirlərini bölüşüblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: