Rəqəmsal dövrün tələbləri, süni intellektin media sahəsinə təsiri, dezinformasiya ilə mübarizə və sosial medianın artan rolu jurnalistlərdən daha yüksək peşəkarlıq və çeviklik tələb edir. Bu gün Azərbaycan mediası yalnız daxili auditoriyaya deyil, həm də beynəlxalq informasiya məkanında ölkəmizin maraqlarını müdafiə etmək vəzifəsi ilə üz-üzədir. Bu, yeni nəsil jurnalistlərin hazırlanmasını, media savadlılığının artırılmasını və innovativ texnologiyaların mətbuatda tətbiqini zəruri edir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri" konfransı- "Mediafest-2025"-də çıxışı zamanı Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov deyib.
O qeyd edib ki, bu tədbirin Naxçıvanda keçirilməsi xüsusilə sevindiricidir, çünki Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur. Son illərdə Naxçıvan mediasının respublikanın sosial-iqtisadi inkişafında, mədəni irsinin tanıdılmasında və ölkəmizin ümumi media strategiyasına inteqrasiyasında mühüm addımlar atılıb. Və mən əminəm ki, bugünkü tədbir bu prosesə və Naxçıvan mediasının daha da inkişafına yeni təkan verəcək.