Azərbaycan mətbuatı özünü 44 günlük Vətən müharibəsi zamanı təsdiqlədi.
NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvanda jurnalistlərə müsahibəsində “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev deyib.
O bildirib ki, Azərbaycan Milli Mətbuatının 150 illiyi ilə əlaqədar tədbirlərə Naxçıvanda start verildi: “Tədbir olduqca yüksək səviyyədə təşkil olunmuşdu. Buna görə Naxçıvan səlahiyyətli nümayəndəliyinə və “Şərq qapısı” qəzetinə öz təşəkkürümü bildirirəm. Digər tərəfdən Naxçıvan hər zaman Azərbaycan mətbuatında, ədəbiyyatında xüsusi bir rol oynayıb. Tədbirlərin də sırf Naxçıvanda başlaması rəmzi məna daşıyır”.
F.Hüseynəliyev bildirib ki, tədbirin ümumiyyətlə gedişatı və keçirilməsi doğurdan da yüksək səviyyədə idi:
“Aktual məsələlər barədə panel müzakirələr oldu. Azərbaycan mətbuatının keçdiyi yol barədə, və gələcəkdəki bizim qarşımızda duran hansısa məqsədlərimizə çatmaq üçün vasitələr gördük. Düşünürəm ki, növbəti illərdə Azərbaycan mətbuatının daha da inkişaf etməsi üçün yeni texniki vasitələr, çağırışlar var. Azərbaycan mətbuatı özünü 44 günlük Vətən müharibəsi zamanı təsdiqlədi. Mətbuatın fəaliyyəti göstərdi ki, biz istənilən düşmənlə mübarizə apararaq qalib çıxa bilərik”.