Sözlə dua edir, sözlə and içir, sözlə sevirik

A- A A+

İnsan sözə inanan varlıqdır. Bir sözlə yenidən doğular, bir sözlə ölər insan. Mövlana demişkən: Biri gələr səni sən edər, biri gələr səni səndən edər. 

Fəqət insan yenə də inanar sözə. Çünki insan öz ruhunun səsini, öz dərdinin şəkilini sözlə eşidir, sözlə çəkir, sözə ümid bağlayır. Sözlə dua edir, sözlə and içir, sözlə sevir, sözlə ayrılır. Ustad Füzuli boşuna demirdi: “Söz” insanın özüdür. Söz, qəlbin görünən simasıdır. Söz, adamın içində gizlətdiyi bütün fırtınaların, arzuların, xəyanətlərin, sədaqətlərin dilə gəlmiş halıdır. Kimi sözlə dünyanı gözəlləşdirər, kimi də viran qoyar.

Görəsən sözə niyə inanırıq biz?

Bəlkə də bu bizim ən böyük saflığımız, eyni zamanda ən dərin yaramızdır.

Yaradılışımızdandır ki, öz içimizdəki doğruluğu qarşımızdakından da gözləyirik. Və yaxud qarşımızdakına inanmır özümüzü müqəddəs hesab edirik. Görəsən fərqinə varırıqmı ki, söz vicdanın sınağıdır. 

Bə söz verib tutmayanlar necə? 

Onlar, əslində tək sözə yox, insanın içində qurduğu bütöv bir dünyaya xəyanət edirlər. Və insan ən çox belə xəyanətlərdən yıxılır, parça-parça olmur… Kül olur.

“Yanındayıq”, “arxandayıq”, “sənsiz biz heç nəyi bacarmarıq” kimi başdöndürən cümlələrin altında can verən necə könüllər var. Bir sözlə başlayan münasibətlər böyük bir səssizliklə bitər. 

Mənə görə sözü başadüşməyənlər qəlbi eşitməyənlərdir. Onlar üçün söz sadəcə səsdən, titrəyişdən və havadan ibarətdir. Fəqət söz nəfəsdir, söz duadır, söz məsuliyyətdir, söz sevgidir, söz vədədir, söz başdanayağa ümiddir. Kim sözə xəyanət edərsə əvvəl-axır özünə xəyanət edər. 

Sözə inanan insanlar bəlkə də daima yanılırlar. Onlar bir sözə görə bir ömür qurmağa cəhd edənlərdir. Onlar “Mən sənə inanıram” deyə biləcək qədər ürəklidirlər. Bəlkə də bu insanların sayəsindədir ki, sözün müqəddəsliyi hələ də yaşayır. Axı insanı tanımaq sözü tanımaqdır. Çünki söz, insanın ruhudur. Sözünə sadiq insan özünə sadiq olandır. Sözünü tutmayan isə öz kölgəsindən qaçandır. Hər söz, bir könülə toxunur. Unutmayaq: Bəzən bir söz bir ömrün sükutunu pozar.

Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: