Onlar fərqli illərdə olsa da, bir amal uğrunda yola çıxdılar. Bu yolun müqəddəsliyə, əbədiyyətə aparacağını bilərək addımladılar. Və ikisi də vətən uğrunda şəhid adını qazandılar. Qəlbən sevgi, qürur, fəxarət hissi ilə anıb, şəhidlərimizi yad edirik…
Mehman Ələkbərov 1957-ci ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini burada başa vuran Mehman Gəncə Dövlət Universitetinin Tarix fakültəsinə daxil olaraq ali təhsil alıb. Əmək fəaliyyətinə əvvəlcə Şamaxıda məktəb direktorunun müavini olaraq başlayan qəhrəman sonra Gəncədə 1 saylı internat və 36 saylı orta məktəblərdə tarix fənnindən dərs deyib. 1990-cı ildə Gəncəyə yaxın olan Todan, Sarısu, Çaykənd kəndlərinə erməni quldurlarının hücumu zamanı Mehman silahdaşları ilə birlikdə həmin kəndlərin müdafiəsində iştirak edib. Həmin döyüşdə yaxın dostlarını itirən Mehman bu vəziyyəti qəbul edə bilməyərək erməni işğalçılarına qarşı Gəncə batalyonunu yaradıb. O, batalyonu ilə birgə Tərtər, Ağdərə, Goranboy, Göygöl rayonlarının kəndlərinin müdafiəsində iştirak edib. Batalyonun ən uğurlu hərbi əməliyyatı 1992-ci il iyunun 29-da Tərtərin Həsanqaya kəndində baş tutub. Erməni silahlılarının “Arabo” batalyonunun 170-dən çox canlı qüvvəsi döyüşdə məhv edilib. Həmin hadisədən sonra düşmən Gəncə batalyonuna başçılıq edən Mehman Ələkbərovun öldürülməsinə 6 milyon məbləğində pul qoyub. Və Ermənistanda “Arabo” batalyonunun məhvinə görə 3 gün matəm elan olunub.
Qarabağ bölgəsindən - Şuşa, Laçın, Füzuli rayonları uğrunda gedən döyüşlərdə iştirak edən Mehman Ələkbərov düşmənə aman verməyib, onları geri çəkilməyə məcbur edib. Bu barədə 1992-ci il aprel ayının 21-də ölkənin Müdafiə nazirinə yazdığı məktubda qeyd edib: “…Sizi əmin edirəm ki, bütün qüvvəmi Azərbaycanın azadlığı, torpaqlarımızın qorunması uğrunda mübarizəyə sərf edəcəyəm…”.
Tale ona od-alovlu səngərdə, düşmənlə döyüşərkən ölümü nəsib etmədi…
Komandir Mehman Ələkbərov vətənin bütövlüyünü, müstəqilliyini şirin canından üstün tuturdu. 1993-cü ildə ölkənin müstəqilliyini təhlükə altına atan Gəncə qiyamında böyük faciənin qarşısını almaq üçün ağ bayraq qaldıraraq, qarşı tərəfi sülhə, birliyə çağıran Mehman güllə atəşinə tutulub. Qəhrəmancasına həlak olan cəsur komandir Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub.
2020-ci il 27 sentyabr…
30 il ərzində ermənilərin qurduğu istehkam və səngərləri 44 günlük Vətən müharibəsində bir-bir yıxıb keçən igidlərimizdən biri də Rauf Əliyevdir. O, 1994-cü il iyunun 4-də Culfa rayonunun Əbrəqunus kəndində dünyaya göz açıb. Orta təhsilini başa vuran qəhrəman Azərbaycan Texniki Universitetində ali təhsil alıb. Sonra Vətənə xidmət borcunu yerinə yetirmək üçün ordu sıralarına daxil olan Rauf Aprel döyüşlərində fəal iştirak edib. O, Lələtəpə yüksəkliyinin alınmasında göstərdiyi igidliyə görə Müdafiə Nazirliyinin fəxri fərmanına layiq görülüb. Hərbi xidmətini başa vurduqdan sonra müxtəlif işlərdə çalışan qəhrəmanımız 2020-ci ilin sentyabr ayında ölkəmizdə qismən səfərbərlik elan olunması ilə Azərbaycanın digər oğulları kimi müsəlləh əsgərə dönüb. Ordu sıralarına qatılan Rauf Əliyev işğal altında olan ərazilərimizin azad edilməsində misilsiz şücaət göstərib. Qəhrəmanımız Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Şəhidimiz İkinci Fəxri Xiyabanda dəfn edilib.
Şəhid əsgər Rauf Əliyev döyüş əməliyyatlarının yerinə yetirilməsində göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru