Mən uşaq olanda dünyanın nə qədər böyük olduğunu xəritələrdən yox, xəyalımdan öyrənirdim. Dünya mənim üçün top atdığım həyət, göy üzünə çatmaq istədiyim yelləncək, çanta dolu ümid, nağıl kimi gələn sabah idi. Təhlükə yalnız cizgi filmlərindəki pis adamlar idi. Qorxu isə qaranlıq otaqda tək qalmaqdan ibarət, bir lampa işığı ilə yox olan bir hiss. Mən uşaq olanda səs deyəndə mahnı gəlirdi ağlıma, sükut deyəndə isə yuxuya getmiş ev. Oyun saatı bitəndə qüssələnirdim, çünki hər şeyin sabah da davam edəcəyinə əmin idim. Mənim dünyamda tank yox idi, sirena yox idi, mina, güllə, qan, göz yaşı, bunlar yad sözlər idi, heç vaxt toxunmayacağımı düşündüyüm ifadələr...
Amma hardasa, elə bu dünyanın bir küncündə mənimlə yaşıd bir uşaq qorxunu animasiyadan yox, reallıqdan öyrənirdi. Onun üçün səs bombanın partlayışı idi, oyuncaq toz altında qalmış bir ayı, sığınacaq məktəbini əvəz edən yer idi. O, təhsili qorxunun içində, həyatı isə dağıntıların arasında öyrənirdi. Mən məktəbdə Ana şeiri əzbərləyirdim, o isə anasını axtarırdı, dağıntılar altından çıxarmalarını gözləyərək. Mən şeir söyləyəndə əl çalınırdı, o danışanda isə susdurulurdu, çünki artıq səs çıxarmaq təhlükəli idi. Biz eyni ildə doğulmuşduq, eyni mövsümdə böyüyürdük, amma birimizin gözü göyə baxırdı, digərimizin isə torpağa dikilmişdi. Bizi yalnız zaman ayırmırdı, bizi talelər ayırırdı.
Uşaq olmaq günah deyil!
Hər il 4 iyun tarixi dünyada Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü kimi qeyd olunur. Bu gün müharibələrin, zorakılığın, işğalın, terrorun və silahlı qarşıdurmaların günahsız qurbanı olan uşaqlara həsr olunub. Uşaq dünyaya təmizliklə, sevgi ilə gəlir. O, silah tutmaz, nifrət bilməz, sərhəd tanımaz. Onun yeriyəcəyi torpaq, oynayacağı həyət, öyrənəcəyi məktəb olmalıdır. Amma reallıqda biz XXI əsrin insanları bu sadə gerçəyi ya unuduruq, ya da görməzlikdən gəlirik. Bəzən susqunluğumuzla, bəzən biganəliyimizlə, bəzən isə müharibələri adi xəbər başlığına çevirməklə bu uşaqları həyatın kənarına atırıq.
Müharibələrin kiçik qurbanları.
2024-cü ildə təkcə minlərlə uşaq müharibələrin birbaşa və dolayı qurbanına çevrildi. Bombalanan məktəblər, dağılan xəstəxanalar, köçkün düşmüş ailələr... Uşaq olmaq haram edildi onlara. Oyuncaqları yerə çırpıldı, məktəb çantaları toz altında qaldı. Göz yaşları susuzluqdan çatlamış torpağa qarışdı. Bəzi uşaqlar adlarını belə unudacaq qədər ağır psixoloji travma aldı. Bəziləri isə sadəcə öldü, adı belə heç bir siyahıya düşmədən. Azərbaycan da bu ağrını dərindən hiss etmiş ölkələrdəndir. Uzun illər işğal altında qalmış torpaqlarımızda yüzlərlə uşaq həyatını itirdi, minlərlə azyaşlı körpə ata-anasını, uşaqlığını, gələcəyini itirdi. Xocalı soyqırımı zamanı qətlə yetirilən körpələr, 30 il boyunca mina təhlükəsi ilə yaşamaq məcburiyyətində qalan uşaqlar, 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrlərdə erməni aqressiyasının hədəfinə çevrilən azyaşlılar, hər biri bu günün acı simvoludur. Bəzən müharibə bitir, ancaq travmalar içimizdə susaraq yaşamağa davam edir. Bu daha dərin, daha ağır və daha uzun sürən bir ağrıdır.
Dünya susur, biz susmamalıyıq!
4 iyun yalnız keçmişə baxıb hönkürmək günü deyil, həm də gələcək üçün cavabdehlik daşıdığımızı xatırladan bir gündür. Əgər bir uşaq müharibədən qorxmadan böyüyə bilmirsə, biz insanlıqdan danışa bilmərik. Əgər uşaqlar üçün sülh yaratmırıqsa, gələcək haqqında danışmağımız mənasızdır. Bu yazı bir hesabat deyil, bir çağırışdır. Bu sözlər bir körpənin qırılmış səssizliyidir, bir uşaq baxışının hələ də qaranlıqda qalan təəssüratıdır. Biz unutsaq, tarix təkrarlanacaq. Biz görməzdən gəlsək, zülm böyüyəcək. Biz danışmasaq, susqunluq yeni qurbanlar doğuracaq.Uşaq olmaq günah deyil. Uşaq olmaq silah altında yox, sevgi içində böyümək haqqıdır.Əgər bir uşağın gülüşü qorxudan titrəyirsə, orada sülh yoxdur.Əgər bir ana övladını məktəbə yox, sığınacağa göndərirsə, orada həyat susur.Odur ki, gəlin susmayaq. Gəlin deyək, göstərək, dəyişək.
Çünki hər uşaq, bir sabahdır! Hər bir uşaq bizim gələcəyimizdir!
Səma Hüseynli
Naxçıvan televiziyasının redaktoru