Tibbi xidmətin təşkilinin təkmilləşdirilməsi müzakirə edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Təhsil  Nazirliyinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblərdə və bağçalarda tibbi xidmətin təşkilinin təkmilləşdirilməsinə dair seminar keçirilib.

Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbirdə muxtar respublikada uşaq əhalisinin sağlamlığının qorunmasına, sağlamlıq tədbirlərinin daha da yaxşılaşdırılmasına göstərilən qayğıdan danışılıb.

Naxçıvan Muxtar Respublikası  Səhiyyə Nazirinin müavini Samrat Gəncəyeva qeyd edib ki,  hazırda muxtar respublika ərazisində yerləşən məktəblərdə təkcə 2018-ci ildə ixtisas həkimlərindən ibarət briqadalar tərəfindən pediatr olmayan yaxud sərhəd zonalarında yerləşən ucqar dağ kəndlərində 21 min 560 uşaq müayinə olunub, ehtiyacı olanlara ixtisaslı tibbi xidmət göstərilib. Xüsusən 1 yaşa qədər uşaqların yoluxucu xəstəliklərdən qorunması məqsədilə milli peyvənd təqvimindən istifadə olunub.

Naxçıvan Muxtar Respublikası təhsil  nazirinin müavini Ovni Muradov bildirib ki, Naxçıvan şəhərində 20 məktəb və bu məktəblərin hər birində pediatr və tibb bacısı fəaliyyət göstərir. Rayonlarda və kəndlərdə isə rayonun və ya kəndin tibb müəssisəsinin pediatr və tibb bacıları tərəfindən həmin məktəblərdə oxuyan uşaqların müayinəsi və müalicəsinin təmin olunması, qida blokuna nəzarət daim diqqət mərkəzindədir.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva  uşaq bağçalarında tibbi xidmətin fəaliyyəti barədə məlumat verərək bildirib ki, şəhərin 11 məktəbəqədər təhsil müəssisəsində  228 tərbiyəçi müəllim 2 min 150 uşağın təlim-tərbiyəsi ilə məşğul olur.         

Mərkəzi Uşaq Xəstəxanasının baş həkiminin müavini, həkim-pediatr İlkay Əliyeva “Məktəblərdə tibb xidmətinin təşkili qaydaları”, Şahbuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlvin Rzayev “Şahbuz rayonu ərazisində fəaliyyət göstərən məktəblərdə tibbi xidmətin təşkili və qarşıda duran vəzifələr” barədə çıxış ediblər.

Sonda müzakirələr aparılıb və suallar cavablandırılıb.

 

                                                                                      Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: