1 Mart Ümumdünya Mülki Müdafiə günüdür - FOTOLAR
Mülki müdafiə müasir tələblər səviyyəsindədir
Hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı mühafizəsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Bu sahədə zəruri qanunvericilik bazası yaradılmış, 1997-ci il iyunun 10-da “Yanğın təhlükəsizliyi haqqında”, həmin il dekabrın 30-da isə “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə mülki müdafiə xidmətinin maddi-texniki bazası xeyli gücləndirilmiş, mütəxəssis hazırlığı günün tələbinə uyğun qurulmuş, bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə başlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması muxtar respublikada insanların həyatının, əmlakının baş verə biləcək təbii və texnogen fəlakətlərdən qorunması baxımından atılan mühüm addımlardan biridir. Ötən dövrdə Ali Məclis Sədrinin qayğısı ilə Fövqəladə Hallar Nazirliyi və onun yerlərdəki strukturları üçün müasir inzibati binalar tikilib istifadəyə verilmiş, şəxsi heyətin sosial təminatının, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülmüşdür. Belə ki, 2012-ci ildə nazirliyin yeni inzibati binası istifadəyə verilmiş, binada müasir xidmət şəraiti, elektron nəzarət və idarəetmə sistemləri yaradılmışdır. Həmçinin 2008-ci ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan Şəhər Şöbəsinin inzibati binası, 2009-cu ildə Kəngərli, Şahbuz, Ordubad rayon şöbələri, 2013-cü ildə Şərur və Babək rayon şöbələri, 2014-cü ildə isə Sədərək rayon şöbəsi üçün yeni inzibati binalar və texniki qarajlar istifadəyə verilmiş, müasir iş şəraiti yaradılmışdır. Mülki Müdafiə Alayının təlim mərkəzində döyüş hazırlığı məşğələlərinin, təlim və məşqlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılmış, avtomobil və xüsusi təyinatlı nəqliyyat vasitələrinin saxlanması, istismarı və texniki xidmət göstərilməsi üçün müasir avtomobil parkı istifadəyə verilmiş, təlim mərkəzində vertolyot meydançası tikilmişdir.
Muxtar respublika ərazisində ehtimal olunan fövqəladə hallara çevik reaksiyanın verilməsi və nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarının aparılması, zərərçəkənlərə ilk yardım və təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə 2009-cu ildə Xüsusi Riskli Xilasetmə Xidməti yaradılmış və bu sahədə fəaliyyətin nümunəvi təşkili üçün zəruri addımlar atılmışdır. Muxtar respublika ərazisində baş vermiş təbii, texnogen hadisələrin statistikasının aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və “112” qaynar telefon xətti yaradılmışdır. Bundan başqa muxtar respublikada tikinti sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin nəzdində mühəndis-geoloji, sement və beton laboratoriyası yaradılaraq ən müasir sınaq avadanlıqları və cihazlarla təchiz edilmişdir.
Həyata keçirilən quruculuq tədbirləri çərçivəsində şəxsi heyətin yaşayış və mənzil-məişət şəraitinin yaxşılaşdırılması da daim diqqət mərkəzində saxlanılır. Belə ki, Naxçıvan şəhərində zabit-gizir ailələri üçün 48 mənzilli yaşayış binası tikilmiş və 2017-ci il yanvarın 11-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə şəxsi heyətin istifadəsinə verilmişdir.
Fövqəladə hallar zamanı təxliyə olunan əhalinin və zərərçəkənlərin tələbatının ödənilməsi, yaşayışın və qidalanmanın normal təşkil edilməsi, habelə ehtimal olunan radioaktiv, kimyəvi və bioloji zəhərlənmələr zamanı əhaliyə vaxtında fərdi mühafizə vasitələrinin paylanması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, Mülki Müdafiə Alayında mülki müdafiə səfərbərlik ehtiyat anbarı yaradılmış, Şərur, Sədərək, Ordubad və Culfa şəhərlərində yaşayış binalarının zirzəmiləri təmir edilərək fərdi mühafizə vasitələri anbarı kimi uyğunlaşdırılmış, Babək və Qıvraq qəsəbələrində yeni tikilən binaların zirzəmilərində səfərbərlik ehtiyat anbarları yaradılmış və əhalinin yaş kateqoriyasına uyğun mühafizə vasitələri tədarük olunaraq rayon fövqəladə hallar komissiyalarına təhvil verilmişdir. Muxtar respublika ərazisində radioaktiv, kimyəvi və bioloji çirklənmə şəraitində nazirliyin mülki müdafiə qüvvələrinin fəaliyyət göstərməsi üçün müasirtipli radiasiya axtarış və ölçü cihazları alınıb gətirilmiş, bu cihazlarla işləyən mütəxəssislər treninqlərdə iştirak edərək müvafiq sertifikatlar almışlar.
Muxtar respublikanın şəhər və rayonlarında əhаlinin mühаfizəsi üçün yаrаrlı оlаn 115 ictimai yaşayış və 305 inzibati binanın zirzəmisinin vəziyyəti yoxlanılmış, qeydiyyata götürülmüş 124 binanın zirzəmisinin plan-sxemi və pasportu hazırlanmışdır. Həmçinin içməli su mənbələrində monitorinqlər keçirilərək sanitar-gigiyena norma və qaydalarına əməl edilməsinə nəzarət olunmuş, çay hövzələrində selə qarşı tikilən bəndlərin, suburaxıcı və selötürücü qurğuların vəziyyəti yoxlanılmış, irihəcmli su anbarlarında bəndlərin təhlükəsizliyinə və hidrotexniki qurğuların fəaliyyət rejiminə nəzarət edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 6 iyul tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada 122 obyektin fövqəladə hallara hazırlıq vəziyyəti yoxlanılmış, aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılmışdır. Eyni zamanda muxtar respublikada mülki müdafiə işinin təşkili ilə bağlı 2 xəstəxanada təlim, 7 obyektdə əməli məşğələ, 2 obyektdə konfrans, 318 оbyеktdə yохlаma keçirilmiş, 12 tibb müəssisəsində həkim yаrdım briqаdаlаrının hаzırlığı təmin edilmiş, 402 оbyеktdə 12 min nəfərin iştirаkı ilə mааrifləndirici tədbir, 20 ümumtəhsil məktəbində 2161 nəfər şаgirdlə nümunəvi dərslər kеçirilmişdir.
Şəxsi heyətin peşəkarlığının artırılmasında mütəxəssis hazırlığına xüsusi diqqət verilərək ötən il 2 xilasedici qar uçqunlarında axtarış-xilasetmə işlərinin aparılması üzrə Qəbələ rayonunda keçirilən təlimə, 1 zabit NАTО-nun Аvrо-Аtlаntik Təbii Fəlаkətlərə Cаvаbvеrmə üzrə Kооrdinаsiyа Mərkəzi və Sеrbiyа Rеspublikаsının birgə təşkilаtçılığı ilə kеçirilən gеniş miqyаslı bеynəlхаlq sаhə təliminə, 2 zabit isə Şirvan şəhərində keçirilən təlimə cəlb olunmuşdur. Xilasedicilərin, kinoloqların və xüsusi təyinatlı itlərin hazırlığı Culfa dəmiryol qovşağında keçirilən taktiki-xüsusi təlimdə, хilаsеdici dаlğıclаrın pеşə hаzırlığı isə Uzunоbа su аnbаrındа kеçirilən 2 günlük təlimdə təkmilləşdirilmişdir.
Fövqəladə Hallar Nazirliyi bundan sonra da mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində səylə çalışacaq, muxtar respublikada mülki müdafiə işi müasir tələblər səviyyəsində qurulacaqdır.