Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin fevral ayında bir sıra qərarlar qəbul edib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin fevral ayında bir sıra qərarlar qəbul edib.
Nazirlər Kabinetinin 2019-cu il 6 fevral tarixli qərarları ilə Naxçıvan Muxtar Respublikasında 2019-cu il yanvarın 1-nə torpaqların növləri, istifadəçiləri və mülkiyyətçiləri üzrə torpaq balansı təsdiq edilib, Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin yaradılması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilib.
Nazirlər Kabinetinin 2019-cu il 21 fevral tarixli qərarları ilə “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası”nın və “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 avqust tarixli 80 nömrəli və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun və qanunvericiliyə uyğun olaraq tətbiq edilən cərimələrdən daxil olan vəsaitin həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 noyabr tarixli 113 nömrəli qərarlarında dəyişikliklər edilib. Həmçinin Nazirlər Kabinetinin 2019-cu il 26 fevral tarixli Qərarı ilə “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 saylı qərarı barədə” 1994-cü il 2 fevral tarixli 25 nömrəli və “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli qərarı barədə” 2004-cü il 13 oktyabr tarixli 129 nömrəli qərarlarında və 2019-cu il 27 fevral tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nda dəyişikliklər edilib.
Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.