Naxçıvanda II karyera sərgisi açılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, iyunun 11-də Naxçıvan şəhərində II karyera sərgisi açılıb. Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Musiqi Kollecinin “Nağaraçalanlar” ansamblı sərgi iştirakçılarını maraqlı ifa ilə qarşılayıblar.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, Naxçıvanda keçirilən digər mühüm tədbirlər kimi karyera sərgisi də artıq ənənə halını alıb. Bu sərgi ikinci dəfədir, təşkil olunur və əhəmiyyətlidir. Səlahiyyətli nümayəndə qeyd edib ki, muxtar respublikada həyata keçirilən islahatlar, kadrları və iqtisadiyyatı, eləcə də digər sahələri əhatə edir.
“Karyera qurmaq uzun və çətin bir yolun başlanğıcıdır. Bu yol heç də hamar deyil. Hər bir insanın karyera yolunda qarşısına böyük çətinliklər çıxır. Bu çətinliklərin öhdəsindən yalnız əzmlə çalışmaqla gəlmək olar”, – deyən Fuad Nəcəfli bildirib ki, artıq süni intellekt həyatımıza daxil olub və bir çox sahələrdə insanları əvəz etməyə qadirdir. Əgər bu yeniliklər “yaşıl enerji”, kənd təsərrüfatı, iqtisadiyyat, nəqliyyat infrastrukturu və turizm kimi sahələrdə tətbiq edilsə, böyük uğurlar əldə olunacaq.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üzrə 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətinə toxunan səlahiyyətli nümayəndə Dövlət Proqramının icrasında gənclərin rolundan danışıb, karyera sərgisinin fəaliyyətinə uğurlar arzulayıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, ötən il keçirilən I karyera sərgisində təqdim olunan şəxsi məlumatlar əsasında artıq 100-ə yaxın şəxs işlə təmin edilib. Budəfəki sərgidə 28 dövlət, 14 özəl müəssisə olmaqla, ümumilikdə, 42 təşkilat vakant vəzifə çıxarıb.
Məlumat verilib ki, iki gün davam edəcək sərgiyə 5 mindən çox tələbə və məzun olmaqla, ümumilikdə, 7 min iştirakçının qatılacağı gözlənilir. Onlar müəssisə nümayəndələri ilə görüşmək, şəxsi məlumatlarını təqdim etmək, təcrübə və vakant iş yerləri haqqında birbaşa məlumat almaq imkanı əldə edəcəklər. Sərgi müddətində Bakı şəhərindən dəvət olunmuş peşəkar mütəxəssislər tərəfindən müxtəlif mövzularda təlimlər keçiriləcək.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən II karyera sərgisi Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Musiqi Kollecinin rəqs qrupu və “Sazçalanlar” ansamblının ifasında mahnı və rəqs nömrələri ilə davam edib.