NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin tələbələri Cəlil Məmmədquluzadənin ev-muzeyində olub. Tələbələrə məlumat verilib ki, Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyi ümummilli lider Heydər Əliyevin 1998-ci il 31 dekabr tarixli sərəncamı ilə yaradılıb. Burada 1708 eksponatın qorunub saxlanır və muzeyin son il illər dövlət qayğısı hesabına yeni eksponatlarla zənginləşdirilir.
Bildirilib ki,Şərqdə satirik publisistikanın “Molla Nəsrəddin” jurnalının banisi olan Cəlil Məmmədquluzadənin yaradıcılıq dəst-xətti həmişə seçilib. O, vətənpərvər ziyalı kimi öz yaradıcılığında xalqın taleyüklü problemlərindən bəhs edib və bu gün də aktual olan qlobal məsələlərə toxunub.
Vurğulanıb ki, böyük yazıçının vaxtilə müəllimlik etdiyi Nehrəmdə və Cəlilkənddə xatirə muzeyləri yaradılıb, Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinə və Naxçıvan Dövlət Musiqili Dram Teatrına Cəlil Məmmədquluzadənin adı verilib.
Qeyd edək ki, muzeydə böyük ədibin həyat və yaradıcılığına dair ekspozisiya nümayiş etdirilməkdədir. Ədibə və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən yazıçının naxçıvanlı müasirlərinə aid tarixi sənədlər, onun mütaliə etdiyi klassiklərin əsərləri və şəxsi kitabxanası muzeyin eksponatları arasındadır.
Səadət Əliyeva