“Milli Qurtuluş Günü və yerli özünüidarəetmənin inkişafı” mövzusunda tədbir keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, iyun ayının 12-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin  təşkilatçılığı  ilə Naxçıvan şəhərində  15  iyun Milli  Qurtuluş  Gününə  həsr olunmuş “Milli Qurtuluş Günü və yerli özünüidarəetmənin inkişafı" mövzusunda muxtar respublika  üzrə fəaliyyət göstərən bələdiyyə üzvlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə rayonlar  üzrə bələdiyyə nümayəndələri, ictimaiyyətin fəal  üzvləri və dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə Ümummilli  lider  Heydər Əliyevin və Vətən uğrunda  canından keçmiş  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra çıxışlar və təqdimatlarla konfrans öz işinə başlayıb. İlk olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov “Naxçıvandan Bakıya: Milli Qurtuluş tariximizin başlanğıcı” mövzusunda çıxış edib. O, Ümummilli liderin Naxçıvana qayıdışının Azərbaycanın müstəqilliyi və sabitliyi üçün dönüş nöqtəsi olduğunu vurğulayıb.

Ardınca AMEA-nın Naxçıvan bölməsinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Milli Qurtuluş Missiyası: Böyük xilaskarlıqdan ümummilli zəfərə” mövzusunda çıxış edib. O, çıxışında dahi şəxsiyyətin xilaskarlıq missiyasının yalnız o dövrün deyil, həm də müasir Azərbaycanın inkişaf tarixinin əsas dayağı olduğunu qeyd edib. Ramiz Qasımov həmçinin bu siyasi irsin nəticələrinin bugünkü uğurlarımızda əks olunduğunu da bildirib.

Naxçıvan bələdiyyəsinin sədri Tahir Hüseynli "Milli Qurtuluş Günü və yerli özünüidarəetmədə yeni mərhələ" mövzusunda çıxış edərək, Ulu Öndərin dövlətçilik siyasətinin bu gün də uğurla davam etdirildiyini qeyd edib.

Kolanı kənd bələdiyyəsinin sədri Gülnarə İsmayılova “Bələdiyyə institutunun formalaşmasının tarixi əhəmiyyəti” barədə məruzəsində yerli özünüidarəetmənin inkişafında Ulu öndərin xüsusi roluna toxunub.

Dəstə kənd bələdiyyəsinin sədri Tofiq Babayev “Yerli özünüidarəetmənin konstitusion əsasları” mövzusunda çıxışında bələdiyyə institutunun hüquqi əsaslarının və konstitusiyada əksini tapan səlahiyyətlərin əhəmiyyətini vurğulayıb.

Konfransın sonunda Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: