Yaponiyada keçirilən beynəlxalq seminarda Naxçıvanla bağlı məlumat verilib - FOTOLAR
NUHÇIXAN verdiyi məlumata görə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə fevralın 11-dən 23-dək Yaponiyanın Obihiro şəhərində “Kənd təsərrüfatı Siyasəti” mövzusunda təlim seminarı keçirilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin “Sənaye şöbəsi”nin baş məsləhətçisi İlqar QuluzadəAzərbaycan nümayəndə heyətinin tərkibində seminarda iştirak edib.
Seminara Azərbaycan, Qırğrızıstan, Qazaxıstan, Gürcüstan, Özbəkistan və Tacikistandan 8 iştirakçı qatılıb.
Yüksək səviyyədə təşkil edilən seminarın proqramına mühazirələr, müzakirələr, Yaponiyanın kənd təsərrüfatıyönümlü istehsal müəssisələri ilə tanışlıq, sahə turları daxil olunub. Seminarın iştirakçıları Obihiroşəhərlərinə səyahət edib və Kavanasi, İqasi kooperativləri ilə tanışlıq imkanı qazanıblar.
Seminarda müasir kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatı kooperativlərinin fəaliyyətinin təşkili, ənənəvi kənd təsərrüfatına dəstək, ağıllı kənd təsərrüfatı sistemləri, kənd təsərrüfatında ekoloji normaların qorunması mövzularında mühazirələr dinlənilib və müzakirələr aparılıb.
Təlimin sonunda ölkəmiz, o cümlədən muxtar respublikamız haqqında, xüsusən də kənd təsərrüfatının müxtəlif sahələrinin statistik göstəriciləri barədə təqdimat olub. Kursu müvəffəqiyyətlə başa vuran nümayəndə heyətinin üzvlərinə sertifikatlar verilib.