Naxçıvanda dönərxananın fəaliyyəti ikinci dəfə məhdudlaşdırıldı - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, 23.05.2025-ci il tarixdə Naxçıvan şəhəri Ə.Əliyev küçəsində yerləşən İsmayılov Məhəmməd İsmayıl oğluna məxsus “Alov dönər” dönərxanasında Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı aşkarlanmış nöqsanlarla bağlı dönərxananın fəaliyyəti məhdudlaşdırılmışdır.
Sonradan sahibkarın müraciəti əsasında 30.05.2025-ci il tarixdə obyektə yenidən baxış keçirilib, nöqsanlar aradan qaldırıldığı üçün fəaliyyətinə icazə verilib.
Lakin, 14.06.2025-ci il tarixdə aparılan monitorinqlər zamanı sözügedən dönərxanada əvvəlki tarixlərdə termiki emala məruz qalmış toyuq əti dönərinin dondurucuda saxlanılaraq satışının həyata keçirilməsi faktı aşkarlanıb. Bu kimi məhsulların insan həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmasını nəzərə alaraq faktla bağlı müvafiq tədbirlər görülüb, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunmuş və dönərxananın fəaliyyəti təkrar məhdudlaşdırılıb.