Yazlıq əkin üçün 200 mindən çox meyvə tingi yetişdirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yaz əkin mövsümündə yeni meyvə və üzüm bağlarının salınmasına üstünlük verəcəklər.
Meyvə bağları əsasən kənd təsərrüfatı üçün yararsız olan, o cümlədən müxtəlif dərəcədə şoranlaşmış ərazilərdə aparılacaq. Yeni meyvə bağlarının salınmasında isə rayonlaşdırma prinsipi əsas götürülüb. Bu məqsədlə ayrı-ayrı ərazilərdə, o cümlədən dağlıq, dağətəyi zonaları əhatə edən xüsusi mühafizə olunan təbiət ərazilərində tinglik sahələri yaradılıb və onların yetişdirilməsi işləri aparılıb. Ümumilikdə 200 mindən çox meyvə tingi əkin mövsümünə hazırlanıb.
Əkin aparılacaq ərazilərin sxem planları işlənilib, sahələrdə isə torpaq hazırlığı işləri görülür. Hazırda muxtar respublikanın orta dağlıq və dağlıq ərazilərində, meşə fondu torpaqlarında toxumla əkin işləri aparılır.
Yaz əkin işlərinə əsasən Duzdağ fizioterapiya mərkəzinə gedən yolun sol kənarında, Uzunoba su anbarının yuxarı hissəsində, Naxçıvan çayının sol sahilində və Xüsusi mühafizə olunan təbiət ərazilərində aparılması nəzərdə tutulub.
Vaqif Ağalarov