Qan vermək bir insanın həyatını xilas edə biləcək ən nəcib əməllərdən biridir. Bu həm humanist, həm də tibbi baxımdan faydalı bir addımdır. Araşdırmalar göstərir ki, sağlam bir insanın 400-450 millilitr qan verməsi nə səhhətinə, nə də əmək qabiliyyətinə zərər vurmur. Əksinə, təkrar qanvermə orqanizmdə qanda şəkərin, zərərli yağların, təzyiqin və ürək döyüntüsünün azalmasına səbəb olur, ürək-damar xəstəlikləri riskini azaldır.
2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə iyunun 14-ü Ümumdünya Qan Donoru Günü elan edilib. Bu tarix təsadüfi seçilməyib. Bu gün Nobel mükafatı laureatı, qan qruplarını kəşf etmiş avstriyalı alim Karl Landşteynerin doğum günüdür.
Günün əsas məqsədi təhlükəsiz qan və qan komponentlərinə olan ehtiyac barədə maarifləndirmə aparmaq və könüllü donorları təşviq etməkdir. Hər il dünyada təxminən 118,5 milyon nəfər qan verir. Onların yarısı yüksək gəlirli ölkələrdə yaşayır. Hal-hazırda 62 ölkə yalnız könüllü və təmənnasız donorların verdiyi qan hesabına ehtiyatlarını təmin edə bilir.
Azərbaycanda da müxtəlif vaxtlarda, o cümlədən Aşura mərasimlərində kütləvi qanvermə aksiyaları keçirilir. Ən çox rast gəlinən qan qrupları O(I) Rh+ və A(II) Rh+ həm donorların, həm də xəstələrin böyük hissəsində mövcuddur. Ancaq qan ehtiyacı bütün qruplar üçün daim aktualdır.
Donor olmaq üçün əsas şərtlər:
Yaş: 18-65 arası
Çəki: ən azı 50 kq
Sağlamlıq: Qan verəcək şəxsin ciddi xroniki və ya yoluxucu xəstəlikləri olmamalıdır
Daimi olaraq donor olmaq mümkün olmayan hallar:
Hepatit B və C, HIV, sifilis
Xroniki ürək, qaraciyər, böyrək xəstəlikləri
Qan xərçəngi, anemiya, talassemiya
Orqan transplantasiyası və digər ciddi tibbi göstərişlər
Qan verməzdən əvvəl nələrə diqqət yetirmək lazımdır:
Son 72 saatda qanduruldan dərman qəbul edilməməlidir
24 saat öncədən alkoqol qəbuluna qadağa
Yağlı, duzlu, hisə verilmiş yeməklərdən, banan, yumurta və süd məhsullarından uzaq durmaq lazımdır
Əvəzində şirinçay, kompot, su, mürəbbə, çörək, qaynadılmış yarma və tərəvəzlə qidalanmaq tövsiyə olunur
Qan verdikdən sonra:
İlk 30 dəqiqədə maşın sürmək olmaz
Bədənə güc yükləmək, ağır fiziki iş görmək, spirtli içki və siqaret istifadə etmək olmaz
Şokolad, şirə və ya çay içərək enerji bərpa olunmalıdır
Qəza, əməliyyat, doğuş və ya ağır xəstəliklər zamanı hər an qan ehtiyacı yarana bilər. Sağlam insan bir neçə dəqiqəsini ayıraraq, bir yox, bir neçə insanın həyatını xilas edə bilər.
Unutmayaq: Bir damla qan bəzən bir nəfərin həyatını xilas edə bilər!
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru