"Naxçıvanxəbərləri" İnformasiya Portalının 10 illiyi qeyd olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, "Naxçıvanxəbərləri" İnformasiya Portalının yaranmasının 10 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən informasiya portalının təsisçi-direktoru Mətin Abbaslı bildirib ki, 2015-ci ilin 15 iyun tarixində - xalqımız üçün əlamətdar bir gündə - Milli Qurtuluş Günündə fəaliyyətə başlayan "NAXÇIVANXƏBƏRLƏRİ" regionun ilk müstəqil xəbər portalı kimi meydana çıxaraq, həm peşəkar jurnalistikanın inkişafına, həm də informasiya yayımının genişlənməsinə töhfə verməyə başladı. Bir xəbər portalı olaraq biz ilk gündən qarşımıza məqsəd qoyduq ki, sadəcə xəbərləri paylaşan bir sayt yox, ictimai fikri formalaşdıran, islahatları izləyən, obyektiv və çevik informasiya təqdim edən bir mərkəz olaq.
Vurğulanıb ki, bu illər ərzində informasiya portalı ictimai-siyasi hadisələrin operativ işıqlandırılmasında, iqtisadi və sosial islahatların təbliğində, regionun turizm və mədəni potensialının tanıdılmasında mühüm rol oynayıb. Həm muxtar respublikada, həm də onun hüdudlarından kənarda Naxçıvanın səsinin eşidilməsi üçün daim çalışılıb.
Qeyd olunub ki, bu gün gündəlik 1500-2000 arası istifadəçi sayı ilə portala olan maraq, sosial şəbəkə hesablarında ümumi olaraq 10 milyona yaxın baxış və 100 minə yaxın izləyici sayı, bizim fəaliyyətimizin cəmiyyət tərəfindən diqqətlə izlənildiyini və dəyərləndirildiyini göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov tədbirdə çıxış edərək qeyd edib ki, 10 il əvvəl yaranan “Naxçıvanxəbərləri” informasiya portalı bu müddətdə zamanın çağırışlarına uyğun şəkildə inkişaf edib, cəmiyyətin məlumatlandırılması, dövlət siyasətinin düzgün təbliği və ictimai rəyin formalaşması istiqamətində mühüm rol oynayıb. Portal öz fəaliyyətində daim operativlik, obyektivlik və məsuliyyət prinsiplərinə əsaslanıb.
Rəmzi İbrahimov vurğulayıb ki, son illərdə Naxçıvan Muxtar Respublikasında hərtərəfli inkişafın təmin olunmasında mühüm addımlar atılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin sonlarında imzaladığı müvafiq fərmanla Naxçıvanda yeni idarəçilik institutunun yaradılması regionda şəffaflıq, effektivlik və məsuliyyət kimi əsas prinsiplərin gücləndirilməsinə xidmət edir. Bu islahatlar yalnız iqtisadi, sosial və inzibati sahələrdə deyil, eyni zamanda media və informasiya sahəsində də müsbət dəyişikliklərə səbəb olub.
Bildirilib ki, yeni idarəçilik modeli çərçivəsində medianın institusional potensialı artıb, media orqanlarının fəaliyyətində şəffaflıq və peşəkarlıq meyarları ön plana keçib, informasiya siyasətində koordinasiya güclənib. Bu, bir tərəfdən jurnalistlərin fəaliyyətinə daha əlverişli şərait yaradıb, digər tərəfdən isə cəmiyyətin operativ və düzgün məlumatla təmin olunmasına geniş imkanlar açıb. “Naxçıvanxəbərləri” informasiya portalı da bu yeni mərhələdə öz fəaliyyətini daha da genişləndirərək, informasiya cəmiyyətinin formalaşmasına töhfə verməyə davam edir. Rəmzi İbrahimov portalın kollektivini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəhbərliyi adından təbrik edib, yeni uğurlar və yaradıcılıq nailiyyətləri arzulayıb.
Naxçıvan MR Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini, sədr vəzifələrini müvəqqəti icra edən İlhamə Novruzova “Naxçıvanxəbərləri”nin rolunu yüksək qiymətləndiriblər.
O qeyd edib ki, informasiya yayımı və xəbərçilik yalnız hadisələri işıqlandırmaqla bitmir, bu sahə yüksək peşəkarlıq, obyektivlik və məsuliyyət tələb edir. Cəmiyyətin düzgün, dəqiq və vaxtında məlumat alması üçün jurnalistlər daim diqqətli olmalı, informasiyanı araşdırmalı və onu tərəfsiz şəkildə təqdim etməlidirlər. Bu baxımdan “Naxçıvanxəbərləri”nin fəaliyyəti regionda informasiya mühitinin sağlam inkişafına, ictimai rəyin düzgün formalaşmasına və şəffaflığın təmin olunmasına mühüm töhfə verir.
“Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova çıxışında bildirib ki, bu platforma qısa müddət ərzində oxucu auditoriyası arasında geniş nüfuz qazanmaqla yanaşı, həm də media sahəsində çalışan gənclərə yeni bir nəfəs, fərqli bir jurnalistika baxışı gətirib.
Naxçıvanxəbərləri regionda baş verən hadisələri obyektiv və müasir təqdimatla çatdırmaqla seçilir. Xüsusilə vizual dizayn, xəbər dili və sosial şəbəkələrdə aktivlik baxımından bu portal digər media qurumları üçün də örnək sayıla bilər.
Biz “Şərq qapısı” redaksiyasında bu portalla əməkdaşlıq imkanlarını daim açıq saxlayırıq və qarşılıqlı dəstəklə Naxçıvanda daha sağlam, inkişaf etmiş bir media mühitinin formalaşmasına töhfə verməyə çalışırıq.
Tədbirdə çıxış edən jurnalist Qahirə Hüseynova və Səmədov Canbaxşıyev də öz təcrübələrini bölüşüb, portalın fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar portalın operativliyi, obyektivliyi və cəmiyyətin informasiya ehtiyaclarını vaxtında qarşılamasını xüsusilə vurğulayıblar. Çıxışlar zamanı bildirilib ki, belə platformalar həm jurnalistlər, həm də oxucular üçün mühüm informasiya mənbəyidir və medianın inkişafında əvəzsiz rol oynayır.
Tədbirin yadda qalan anlarından biri isə Naxçıvanlı gənclərin yaratdığı “Robogenius” komandasına həsr olunan xəbər materialının təqdimatı olub. Sözügedən xəbər sosial şəbəkələrdə 2 milyondan çox baxış toplayaraq son 10 ildə portaldakı ən çox izlənən xəbər seçilib. Komandaya Təşəkkürnamə təqdim olunub.
Tədbirdə həmçinin "NAXÇIVANXƏBƏRLƏRİ"-nin və "Matmedia" ilə birlikdə hazırladığı "2025-ci il Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Cinayət və Cəza" filminin qısa təqdimatı da olub.
Sonra İnformasiya Portalının fəaliyyətində rolu olan şəxslərə və əməkdaşlıq edənlərə təşəkkürnamə təqdim edilib.
Sonda “Naxçıvanxəbərləri” İnformasiya Portalının fəaliyyətini əks etdirən tanıtım videosu nümayiş olunub.