Yeni kitab: “Əshabi-Kəhfə məktub”

A- A A+

Tanınmış tədqiqatçı və ekspert, yazıçı-jurnalist, fəlsəfə doktoru Rövşən Novruzoğlu (Vəliyev) oxucularının görüşünə yeni tədqiqat əsəri olan “Əshabi-Kəhfə məktub” kitabı ilə gəlib.

NUHÇIXAN xəbər verir ki, müəllif Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən bu müqəddəs məkan, “Qurani-Kərim”də adı keçən Əshabi-Kəhf mağarası ilə bağlı geniş araşdırmalar aparıb, çoxsaylı tarixi mənbələri və arxiv materiallarını nəzərdən keçirərək bir kitabda toplayıb. Nəşr mövzuya yeni, daha dərin yanaşma və orijinal təhkiyə üslubu ilə fərqlənir.

“Gənclik” nəşriyyatında çap olunan kitabda oxucuya qədim dövr səyyahlarının, tarixçilərinin Əshabi-Kəhf haqqında indiyədək məlum olmayan qeydləri, fikir və mülahizələri, həmçinin bir çox tarixi faktlar və məlumatlar təqdim edilir. Müəllifin sözlərinə görə, əsər səkkiz ilə başa gəlib.

Nəşrdə ulu öndər Heydər Əliyevin Əshabi-Kəhf haqqında bu fikirləri yer alır: “Əshabi-Kəhf təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindəndir”. Müəllif tədqiqatlarına məhz bu baxış bucağından yanaşaraq dövrlərin müqayisəsini aparır. Ziyarətgahın tarixi ilə yanaşı, onun indiki vəziyyətinə də yer ayırır: vaxtilə dağıdılmış və viranə qalmış Əshabi-Kəhf ötən əsrin 90-cı illərində Ulu Öndərin tapşırığı ilə yenidən qurulub, minlərlə qonağın və turistin baş çəkdiyi abidə-ziyarətgaha çevrilib.

Kitabda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun bu istiqamətdə gördüyü işlərdən də bəhs olunur. Belə ki, "Əshabi-Kəhf ziyarətgahı" dini-mədəni abidə kompleksində aparılan yeni abadlıq-bərpa işləri nəticəsində zəvvarlar üçün daha rahat şərait yaradılıb. Burada məscid tikilib, kitabə qoyulub, köşklər memarlıq baxımından fərqlənən tikililərlə əvəz olunub.

Kitab Əshabi-Kəhfin tarixi ilə maraqlanan hər kəs üçün zəngin və dəyərli məlumat mənbəyidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: