DTX: Fəxrəddin Abbasovun Azərbaycan əleyhinə çağırışları və digər əməlləri ilə bağlı istintaq araşdırmaları davam etdirilir
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinib.
DTX-nin ictimai əlaqələr şöbəsindən NUHÇIXAN-a bildiriblər ki, F.Abbasovun bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb olunmasına dair qərar qəbul edilib.
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2018-ci il 14 iyul tarixli qərarı ilə Abbasov Fəxrəddin Fərman oğlunun barəsində həbs qətimkan tədbiri seçilib.
Abbasov Fəxrəddin Fərman oğlu Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 2019-cu ildə fevralın 28-də Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib.
Hazırda Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlunun Ermənistan Respublikasına səfərləri, özünün də bildirməsinə görə Ermənistan xüsusi xidmət orqanının əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistan Respublikasında keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir.