O, qərib ölkədə olmağına baxmayaraq vətənin dar anına gəlib, onun keşiyində durub, bu uğurda ölümü gözə alan qəhrəman idi. Onun vətən sevgisi bu gün hər bir gəncimizə nümunədir.
Bu gün Milli qəhrəman Səfa Axundovun doğum günüdür.
1958-ci il iyun ayının 19-da Masallı rayonunda anadan olan Səfa ilk təhsilini Saatlı rayonunda alsa da, sonra ailəsinin Cəlilabad rayonuna köçməsi səbəbindən yarım qalan təhsilinə burada davam edib. Uşaq yaşlarından təyyarəçi olmaq arzusunda olan Səfa Bakı Aeroportunda bir il çalışdıqdan sonra Orenburq Mülki Aviasiya Məktəbinə daxil olub. O, 1979-cu ildə məktəbi bitirib Yevlax rayonundakı aeroporta pilot təyin edilib. Sonra Səfa təhsilini davam etdirərək Kiyev Ali Mülki Təyyarəçilər İnstitutunun qiyabi şöbəsində oxuyub.
1987-ci ildə Riqaya köçən Səfa gəmi tərsanəsində mühəndis işləməklə bərabər, texnikumda müəllimlik etməyə başlayıb. Həmin dövrdə Qarabağda vəziyyət gərginləşmiş, dinc əhali Ermanistanın təcavüzkar hücumlarına məruz qalmağa başlamışdı. Hadisələrdən xəbər tutan Səfa Axundov başverən vəziyyətlə razılaşmır. O, gecə-gündüz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü barədə və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün Latviyada ilk dəfə olaraq azərbaycanlıları öz ətrafında birləşdirən “Azəri” cəmiyyəti yaradır. Latviyanı qarış-qarış gəzib, buradakı həmvətənlərini həmin cəmiyyətdə birləşməyə səsləyir. Cəmiyyətin genişlənməsi nəticəsində azərbaycanlılar Latviya Seymində 3 deputat yeri qazanır. Səfa Axundov bir müddət sonra Latviyada bütün müsəlmanları birləşdirən “Müsəlman” Liqasını yaratmağa da nail olur.
Azərbaycanda vəziyyətin günbəgün çətinləşməsinə görə cəmiyyətdə nitq söyləyən Səfa: “Vətən ağır vəziyyətdədir. Damarlarında azərbaycanlı qanı axan, ürəyi Vətən eşqi ilə döyünən bütün soydaşlarımız ayağa qalxmalı, öz sözlərini deməlidirlər. Heç kəs əlindən gələni əsirgəməməlidir. Vətəndən, millətdən, qeyrətdən danışan hər bir vətəndaş özü şəxsi nümunə göstərməlidir. İndi Vətənin mənim kimi təyyarəçilərə böyük ehtiyacı var. Kimin hərbi təcrübəsi, biliyi, bacarığı varsa, doğma Azərbaycana kömək əli uzatsın. Başqaları isə cəmiyətimizin işini davam etdirsin”.
Vətənə qayıdan Səfa Axundov Zabrat "Azal-aero" avia şirkətinə məxsus Mİ-8 vertolyotuna 2-ci pilot təyin olunub. Sonra 1992-ci il yanvarın 27-də isə Ağdam-Şuşa marşrutu üzrə Mİ-8 vertolyotunun ikinci pilotu vəzifəsinə təyin edilib. Qızğın döyüşlərdə Səfagilin heyəti yanvarın 28-də Şuşa şəhərinə iki dəfə müvəffəqiyyətli uçuş edib. Üçüncü uçuşda Səfanı ehtiyat pilotla əvəz etmək istəyiblər. Lakin Səfa bu qərarla razılaşmır: “Mən Şuşa sakinlərinə söz vermişəm, bizi gözləyirlər”,-deyib. Mİ-8 vertolyotu Qarabağ səmasında 3000 metr yüksəklikdə uçaraq Şuşa şəhərinə yaxınlaşıb. Uçuşu müşahidə edənlərin dediklərinə görə, yanvarın 28-də vertolyot Xankəndi istiqamətindən atılan “Stinger” raketi ilə vurulub. Güclü partlayış səsi eşidilib və vertolyotu tüstü bürüyüb. Həmin anda vertolyot 2000-2200 metr yüksəklikdə olub. Güclü atəşdən Mİ-8-in mühərriki alışıb yanıb. İkiyə bölünmüş gövdədən 6-7 sərnişin yerə düşüb. Özlərini itirməyən heyət vertolyotu təhlükəsiz yerə, Kərkicahan qəsəbəsi yaxınlığındakı yola endirməyə cəhd göstərib. Lakin bu mümkün olayıb. Artıq idarə olunmayan vertolyot dağın sıldırım qayalarına çırpılıb. Üç heyət üzvü və 40 nəfər sərnişin faciəli surətdə həlak olub.
Qeyd edək ki, bu hadisə 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında baş verən hadisədən sonra ikinci böyük səma faciəsi idi.
Səfa Axundov və iş yoldaşları Viktor Seryogin və Ərəstun Mahmudov 1992-ci il yanvarın 30-da Bakı şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Vətənin qeyrətli oğlunun xidmətlərini yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidentinin 25 noyabr 1992-ci il tarixli Fərmanı ilə Səfa Axundov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Milli Qəhrəmanın adı əbədiləşdirilərək Cəlilabad Şəhər Mədəniyyət Evi və şəhərin küçələrindən birinə, eyni zamanda Səfa Axundovun təşəbbüsü ilə yaradılan Latviya-Azərbaycan Əlaqələr Cəmiyyətinə verilib. Şəhər Mədəniyyət Evinin qarşısında qəhrəmanın büstü qoyulub.
Ruhun şad olsun, qəlbi vətən üçün döyünən qəhrəman! Atrıq beş ilə yaxındır ki, qisasınız düşmənlərdən layiqi ilə alınıb. Qanınız yerdə qalmayıb. Şuşa və digər işğal altında olan torpaqlarımız doğmalarına qovuşaraq yenidən öz səfasına, gözəlliyinə qovuşub.
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru