NİİM: Yolun hərəkət hissəsindən keçən iki piyadadan birini avtomobil vurub - FOTOLAR
Yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, 10 zolaqlı yolun hərəkət hissəsindən keçən iki piyadadan birini avtomobil vurub.
Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, “ASK Arenanın” qarşısında piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, iki piyada yolun hərəkət hissəsindən keçib və onlardan birini minik avtomobili vurub. Piyada hadisə yerində həyatını itirib.
Qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaransa da, polis əməkdaşları tərəfindən görülən zəruri tədbirlər nəticəsində avtomobillərin sərbəst hərəkəti təmin edilib.