Onlar gün saymır, bir gün azadlığa oyanmaq ümidi ilə yuxuya gedir

A- A A+

Onlar gün üzünə yox, azadlığa həsrətdirlər. Bəlkə də heç zaman, heç nə üçün gün saymayan bu insanlar indi dəmir barmaqlıqlar ardında günləri, həftələri və illəri sayırlar. Bəzən də, bu sayım heç bitmiyəcək qədər uzun olur... Ömürlük!

Hər səhər zindan kimi dəmir qapıların cırıltısı, ağ divarların öz-özünə rəsm yaratdığı sonsuz tablo, ümidin səngidiyi, sözün yaddan çıxdığı bu məkanda insan bəzən öz kölgəsini belə görə bilmir. Cəzaçəkmə müəssisələri həyatın dayandığı, xəyalların hər gün beyni qurcaladığı yerdir. Bəzən həyat burda nə cəzanın bitməsi, nə də azadlığa çıxışdır. Həyat sadəcə anı yaşamaqdır.

Cəzaçəkmə müəssisələrində nəfəs alanların əksəriyyəti vaxtlarının bitməsini gözlədiyi halda, bəziləri bunu vərdişə çevirərək monotonluğun içində itib-batırlar. Bura məhkumların dünyasıdır. Günlər bir-birinə bənzəyir. Saatlar Nuh əyyamından qalmış kimi paslanıb. Onlar üçün hər yeni gün təqvimdəki həmin tarixə xətt çəkməklə keçir. Günlər hardasa aşağı-yuxarı eyni keçir. Nə fəsillərin rəngi, nə də ömrün çağları burada hiss olunur. Burada yalnız insanların daxili sükutu hiss olunur.

Bəzi məhkumlar üçün islah evi bir oyanış, bir diriliş və yenidən özünü tapmaqdır. Bəziləri üçün isə sadəcə həyatda qalmaq uğrunda mübarizə. Onlar burada nə qədər yaxşı olduqlarını desələr də, susqunluqlarında tamam başqa bir həqiqət pıçıldayır. Bu həqiqətin adı “vicdan əzabı”dır. Çünki bu divarlar azadlıq üçün bağlı, həqiqət üçün açıqdır.

Bəlkə də onların içində minbir peşmançılıq var. Hərəsi öz içindən qışqırır: “Biz səhvlərin kölgəsində böyüyən, peşmançılığın içində cılızlaşan adamlarıq. Kimimiz bilməyərəkdən, kimimiz isə bilə-bilə bu dəmir barmaqlıqlar arxasındayıq. Biz burada təkcə cəza çəkmirik, həm də cəzanın nə olduğunu anlayırıq. Bəzən bir məktub, bir uşaq şəkli, bir dua, bir göz yaşı bizi dəyişir. Bəzən isə heç nə dəyişmir.”

Gün işığı burada pəncərəyə toxunmur. Pəncərə isə azadlığın nə olduğunu çoxdan   unudub. Qapılar bağlanır. Dəmirin dəmirə dəyən səsi eşidilir. Bu səslərin arasında isə gecələr yatmayan adamların hıçqırtılı duaları var. Kimsə illər əvvəl öpdüyü uşağın şəklini çıxarıb qoynuna sıxaraq yuxuya gedir!

Cəza sadəcə azadlıqdan məhrum olmaq deyil. Cəza sənin səsini heç kimin eşitməməsidir. Sənin peşmanlığını heç kimin görməməsidir. Azadlıqlarına qıyanlar, sevdiklərini yalnız  xatirələrindəki üzlərindən tanıyırlar.

Bəzən bir anlıq əsəb, stres və hiddətlə verilmiş qərar həyatımızı dəmir barmaqlıqlar arxasına sürükləyir. Biz içəridə də dustaq olduğunuz halda, bütün ailə üzvlərimiz bizimlə bərbar dustaqlaşır. Özümüzə vurduğumuz zərbəni dolayısı  ilə canlı mərmi kimi onlara tuşlayırıq.

Gəlin sevdiklərimizə sarılaq ürəklə, övladlarımızın əlindən tutaq sevə-sevə. Ayaqlarımızın, əllərimizin və gözlərimizin qədrini bilək. Onları başımıza gələcək bütün pis hadisələrdən sığortalayaq. Daima ətrafımızda bir nəfər olsun... Bizi bir baxışla, bir sözlə dayandıracaq biri. Unutmayaq: Azadlıq sahib olmaq yox, qoruya bilməkdir.

 

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: