Naxçıvan Təlim Mərkəzi Ofis Proqramları təlimlərinə start verib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Təlim Mərkəzi tərəfindən dövlət qurumlarında çalışan əməkdaşların rəqəmsal bacarıqlarının artırılması istiqamətində növbəti addım atılıb. Mərkəz Ofis proqramları üzrə peşəkar təlimlərə start verib.
Təlimə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 11 dövlət qurumundan 16 əməkdaş cəlb olunub. Təlimlər İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində keçirilir.
Proqramın ilk günündə təlimçi, bu sahədə təcrübəli mütəxəssis Qönçə İsmayılova iştirakçılara Microsoft Office proqramları barədə ilkin məlumatları təqdim edib.
Təlimdə Microsoft Word, Excel və PowerPoint proqramlarının effektiv və praktik istifadəsi, hesabatların hazırlanması, təqdimat bacarıqları və sənəd tərtibatı kimi mövzularda dərindən bilik veriləcək. Təlim proqramı 3 ay davam edəcək və iştirakçılar həm nəzəri, həm də praktiki biliklərlə gündəlik iş proseslərini daha effektiv idarə edə biləcəklər.