Biz Dünya Vəhşi Təbiət Günündə dəniz fauna və florasının zəngin müxtəlifliyi və onların dayanıqlı inkişaf üçün böyük əhəmiyyəti barədə insanları maarifləndirmək məqsədi ilə tədbirlər keçirməliyik. Bu yolla gələcək nəsillərin də ekosistemin xidmətlərindən istifadə etməsini təmin etmək olar.
NUHÇIXAN BMT-nin saytına istinadla xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreşin martın 3-də qeyd edilən Dünya Vəhşi Təbiət Günü ilə əlaqədar “Dəniz ekosistemlərinin insanlar və planet üçün qorunub saxlanılması” mövzusunda müraciətində belə deyilir.
BMT-nin baş katibi xəbərdarlıq edib: “Bu gün Dünya okeanının flora və faunası iqlim dəyişmələrindən tutmuş dəniz növlərinin sahilyanı məskunlaşma yerlərinin çirklənməsi, dağılması və onların hədsiz istismar olunmasınadək müxtəlif xoşagəlməz amillərin güclü təsirinə məruz qalır. Ovluq balıqların populyasiyasının təqribən üçdəbir hissəsi ovlanır, albatroslardan tutmuş tısbağalaradək bir çox digər növlər təhlükəlidir. O, dəniz faunası və florasının müxtəlifliyinin gələcək nəsillər üçün qorunub saxlanılması məqsədi ilə bütün zəruri tədbirləri görməyə çağırıb.
UNEP ekspertləri xatırladırlar ki, planetimizin səthinin üçdəiki hissəsini okean və dənizlər örtür. Onlar dünyanın bütün ölkələrində, hətta dənizə çıxışı olmayan ölkələrdə insanların ərzaq, enerji, su və iqtisadi rifahını təmin edir. Okeanlar karbon qazını udmaqla, qlobal istiləşmənin qarşısının alınmasına böyük töhfə verir. Okeanların vəziyyətinin dəyişməsi, onların çirklənməsi bütün bəşəriyyətə ciddi təhlükədir və sabit inkişafa mane olur.
Vəhşi təbiətin şəksiz dəyəri dayanıqlı inkişafın və insanların rifahının ekoloji, genetik, sosial, iqtisadi, elmi, təhsil, mədəni, tənəffüs və estetik aspektləri ilə bağlıdır.
Dünya Vəhşi Təbiət Günü vəhşi fauna və flora təzahürlərinin müxtəlifliyinə və gözəlliyinə diqqət yetirmək imkanı verir, habelə təbiəti mühafizə edən insanın əldə etdiyi fayda barədə maarifləndirir.
Bundan əlavə, bu gün fəlakətli iqtisadi, ekoloji və sosial nəticələrə gətirib çıxaran cinayətlərə qarşı mübarizəni gücləndirməyin zəruriliyini bizə xatırladır. Biomüxtəlifliyin itirilməsi prosesinin dayandırılması dayanıqlı inkişaf sahəsində 15-ci hədəfin vəzifələrindən biridir.
Dayanıqlı inkişaf sahəsində 14-cü hədəf okean, dəniz və dəniz resurslarının dayanıqlı inkişaf üçün qorunub saxlanılmasına və davamlı istifadə olunmasına yönəldilib. 2019-cu ilin Dünya Vəhşi Təbiət Gününün bu hədəflə bağlı mövzusu dəniz vəhşi təbiətinin qorunub saxlanılmasına və davamlı inkişaf etdirilməsinə diqqət yetirmək məqsədi daşıyır.