Böyük Qayıdış: Ağdərə və Ağdam rayonlarına növbəti köç yola salınıb - FOTOLAR

A- A A+

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. İyunun 24-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndinə yola salınıb. Bu mərhələdə 40 ailə - 146 nəfər Həsənrizə, 1 ailə - 4 nəfər isə Sarıcalıya köçürülür.

NUHÇIXAN-ın məlumatına görə, Həsənriz kəndinə köçən ailələri Tərtər şəhərindəki Bayraq meydanından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələri yola salıblar.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 minə yaxın insan yaşayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: