Naxçıvan şəhərinin yeni Baş planının hazırlanmasında yerli mütəxəssislərin və sakinlərin rəyi nəzərə alınır
Naxçıvan şəhərinin yeni Baş planının hazırlanması prosesinə yerli mütəxəssislər və sahə üzrə qurumların nümayəndələri də fəal şəkildə cəlb olunub.
NUHÇIXAN xəbər verir ki, bu barədə layihəni icra edən Böyük Britaniyanın "Chapman Taylor" şirkətinin direktoru Marselina Zieliniska məlumat verib. Onun sözlərinə görə, hər səfərləri çərçivəsində yerli qurumların nümayəndələri və şəhər sakinləri ilə mütəmadi görüşlər keçirilir.
“Səhiyyə, təhsil və digər sahələr üzrə qurumlarla yanaşı, şəhər sakinləri ilə də birbaşa ünsiyyət qururuq. Onların rəy və təkliflərinə diqqətlə yanaşır, ehtiyaclarını dinləyirik. Hazırlanacaq Baş plan bu tələbatlara uyğun şəkildə formalaşdırılır”, – deyə Marselina Zieliniska bildirib.
Şirkət direktoru qeyd edib ki, yeni Baş planın əsas məqsədlərindən biri də Naxçıvanın özünəməxsus tarixi simasını və memarlıq irsini qorumaqdır:
“Şəhərin tarixi görkəmini və müasirlik elementlərini uyğun şəkildə bir araya gətirmək niyyətindəyik. Bu balansın qorunmasına xüsusi önəm veririk. Planlaşdırma mərhələsində ilk olaraq strateji əhəmiyyətə malik məkanlar, tarixi abidələr və milli-mədəni irs nümunələri müəyyənləşdirilir.”
Marselina Zieliniska əlavə edib ki, şəhərin hazırkı sakit və rahat mühitinin qorunması da layihənin prioritet istiqamətlərindəndir:
“Naxçıvan çox gözəl və unikal şəhərdir. Buranın mövcud ab-havasını – sakitlik və rahatlığını qorumaq bizim üçün vacibdir.”