Su həyat, bolluq bərəkət deməkdir

A- A A+

Muxtar respublikamızda suvarma sistemlərinin yaxşılaşdırılması daim diqqətdə saxlanılır. Son illər Culfa rayonunda mövcud su sistemlərinin bərpası, modernləşdirilməsi və yeniləndirilməsi su təchizatının yaxşılaşdırılmasına, bol su ehtiyatının yaradılmasına, su itkisinin qarşısının alınmasına imkan yaradıb.

Rayonumuzda meliorasiya tədbirlərinin daim diqqətdə saxlanılması nəticəsində yüz hektarlarla dəmyə sahə əkin və yaşıllaşdırma üçün istifadəyə verilib.

Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən  son illərdə rayon əhalisinin istər içməli, istərsə də təsərrüfat suyu ilə təminatında yenidənqurma tədbirləri aparılı, arxlar və su kanallarının lildən və çöküntüdən təmizlənməsi işi diqqətdə saxlanılıb, hidrotexniki qurğuların işlək vəziyyətdə olması üçün bütün zəruri tədbirlər görülüb.

Bənəniyar su anbarı, Yaycı və Dizə gölləri su ilə doldurulduqdan sonra, o cümlədən Araz çayı üzərində quraşdırılmış nasos stansiyaları vasitəsi ilə min hektarlarla sahələr suvarılır.

Havaların münasib keçməsindən istifadə edən rayon Suvarma Sistemləri İdarəsinin kollektivi tərəfindən  çay və dərələrdə sularının bol olmasından istifadə edərək Bənəniyar su anbarının, Yaycı və Dizə göllərinin su ilə doldurulması, mövcud su nasoslarının təmiri, su xətlərinin bərpası, arx və kanalların lildən və çöküntülərdən təmizlənməsi istiqamətində xeyli iş görülüb.

Rayon ərazisində geniş əkin sahələrinin su ilə təminatını yaxşılaşdırmaq məqsədilə bir sıra əməli işlər görülüb. Belə ki, Bənəniyar su anbarına gələn kanalda cari təmir işləri yerinə yetirilib, Camaldın kəndində 2 min metr uzunluğunda su kanalının,  Yaycının Daşarx kanalının 7 km, Gülüstana Əlincə çayından gedən arxın 2 min metr, Dizə kəndinin Göl arxının 1300 metr hissəsi lil və çöküntüdən təmizlənib. Yaycı kəndinin ərazilərini su ilə təchiz edən Daşarx kanalının Culfa-Ordubad magistral yolunun tikintisi ilə əlaqədar dağın arxa tərəfinə köçürülməsi planlaşdırılıb və qısa müddətdə burada xeyli iş görülüb. Həmçinin kəndlərimizdə də su itkisinin qarşısının alınması məqsədi ilə kənddaxili su arxlarının qolları da təmizlənir.

Rayon Suvarma Sistemləri İdarəsinin kollektivi Kırna, Bənəniyar, Milax, “Yaycı-2”, “Yaycı-3” nasos stansiyalarında təmir işlərini başa çatdırıb, Culfa, “Yaycı-1”, Gülüstan nasos stansiyalarında bu tədbirləri davam etdirir.

Suvarma Sistemləri İdarəsinin kollektivi torpaq mülkiyyətçilərinin əkib-becərdikləri taxıl zəmilərinin, bostan və tərəvəzlərin, meyvə bağlarının su ilə təmin olunması üçün bütün mövcud imkanlardan səmərəli istifadə edirlər. Bu isə rayonumuzda əkin sahələrinin genişləndirilməsinə, məhsuldarlığın artırılmasına şərait yaradır.

“Arazın səsi” qəzeti

  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: