2019-cu ilin suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən ilin əvvəlindən tərtib olunmuş təmir qrafikinə uyğun olaraq, yanvar ayı ərzində kanallarda, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri aparılıb, anbarlara suyun yığılması həyata keçirilib.
Babək rayonunda Cəhri göllərinə su gətirən kanalın 830 metr, Türyan kanalının 640 metr hissəsi daxil olmaqla 1,47 kilometr kanal, Babək qəsəbəsi, Nehrəm və Şıxmahmud kəndlərində ümumilikdə 4,94 kilometr ara arxlar lildən təmizlənib. Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan torpaq sahələrinin genişləndirilməsi üçün İdarə tərəfindən Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 56 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilir, boru xəttinin tikinti ərazisinə daşınması və yerinin qazılması işləri aparılır. Bundan başqa,torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədilə drenaj kanalları və kollektorlar lildən təmizlənib, yeni drenaj kanalları qazılıb.
Ötən ay Babək rayonunda Nehrəm kollektorunun 1,16 kilometr hissəsi lildən təmizlənib, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkəsinin tikildiyi ərazidə 1 kilometr yeni açıq drenaj kanalı qazılıb, Nehrəm kəndində 50 metr qapalı drenaj xəttində təmir-bərpa işləri yerinə yetirilib.Görülən işlər nəticəsində rayonda 55,8 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.
Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Babək rayonunda Cəhriçay vadisində 370 metr, Qahab selovunda 320 metr selə qarşı istiqamətləndirici bənd yaradılıb.
Əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün Babək rayonunda 0,12 kilometr mövcud içməli su xətlərində təmir-bərpa işləri yerinə yetirilib, Nehrəm kəndində diametri 50 millimetr plastik borularla 520 metr yeni içməli su xətti çəkilib.
“Şərqin səhəri” qəzeti