Milli Məclisin sədri: AŞPA-nın qərarı ədalətsizdir

A- A A+

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla bağlı qərarı ədalətsizdir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov AŞPA-nın Azərbaycan nümayəndə heyətinin rəhbərinə qarşı sanksiyalar tətbiq etməsi məsələsinə münasibət bildirərkən deyib.

Oqtay Əsədov AŞPA-nın belə əsassız qərarlarının əvvəllər də olduğunu deyib. “Biz Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş fransalı deputatın AŞPA-nın Azərbaycanda keçirilən komitə iclasında iştirak etməsi üçün ölkəmizə gəlməsinə icazə vermədik və bizim parlamentə qarşı sanksiya qəbul etdilər ki, Azərbaycanda iki il müddətində heç bir tədbir keçirilməsin. Daha sonra özləri peşman oldular. Çünki alt komitənin iclası burada keçirilməli idi. Maddi imkanları da yox idi. Hətta iclasın keçirilməsi ilə bağlı xahiş də etdilər. Lakin biz buna etiraz olaraq bildirdik ki, sanksiyaya görə iclas keçirə bilmərik və iki il müddətində bundan imtina etdik. Yalnız iki ildən sonra komitə iclasları yenidən Azərbaycanda keçirildi”, - deyə Milli Məclisin sədri vurğulayıb.

Səməd Seyidova qarşı qərarın ədalətsiz olduğunu söyləyən Oqtay Əsədov bildirib ki, bu sanksiya bizə təsir göstərməyəcək. Biz Səməd Seyidovun fəaliyyətinə bələdik. O, nümayəndə heyətinin rəhbəri, komitə sədridir. Azərbaycan nümayəndə heyəti fəaliyyətini bundan sonra da davam etdirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: