“Əgər Сəlil Məmmədquluzadə kimi şəxsiyyət dünyaya gəlməsəydi, öz fəаliууətini göstərməsəydi, əgər “Molla Nəsrəddin” jurnalı yatmış insanları qaranlıqdan çıxarmağa çalışmasaydı, əgər onun “Ölülər” əsəri insanların gözünü real dünyaya açmasaydı xalqımız bu qədər inkişaf edə bilməzdi”.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyev.
Azərbaycan Respublikası Prezidentinin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”17 yanvar 2019-cu il tarixli Sərəncamı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd edilməsi ilə bağlı təsdiq etdiyi Tədbirlər Planı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi ədəbiyyatımız və mədəniyyətimizə hamilik missiyasının bu gün də uğurla davam etdirildiyinin bariz nümunəsidir. Qeyd olunan Sərəncam və tədbirlər planı böyük Azərbaycançı ədibə və onun dühasının məhsulu olan satirik “Molla Nəsrəddin” jurnalına verilən yüksək dəyərin göstəricisi olmaqla yanaşı, həm də mövcud ola biləcək şübhələrə və suallara da ən layiqli və tutarlı bir cavabdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev elmin müxtəlif sahələrində o sahə üzrə ixtisaslaşmış alim qədər zəngin “bilik ehtiyatına, yüksək erudisiyaya, fenomenal yaddaşa, heyrətamiz təhlil qabiliyyətinə, hər bir mövzuya yaradıcı münasibətinə” görə ensiklopedist şəxsiyyət idi. Əminik ki, Azərbaycan xalqı yaşadığı müddətdə onun adı daim böyük qürur və iftixar hissi ilə çəkiləcəkdir. Xalqımızın xilaskarının hələ Azərbaycan SSRİ-nin tərkibində olarkən böyük cəsarət tələb edən fikirləri, siyasi fəaliyyəti, dövlət idarəçiliyi cildliklərə sığa bilməyəcək yüzlərlə tədqiqatın obyektidir.Ulu öndərin təkcə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, onların yubileylərinin keçirilməsi, ev-muzeylərinin təşkili, əsərlərinin akademik nəşrlərinin hazırlanması, onların dünya dillərinə tərcümə olunub yayılması, ədəbiyyat xadimlərinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması ilə bağlı gördüyü tədbirlərdən bəhs edən onlarla kitab və monoqrafiyalar yazılıb və şübhəsiz ki, bundan sonra da yüzlərlə belə sanballı əsərlər yazılacaqdır.
Ulu öndərimizin ədəbiyyata olan tükənməz sevgisi, bağlılığı və marağı, onu həyatının tərkib hissəsi, mənəvi qidası hesab etməsi, dəfələrlə çıxışlarında özünün də qeyd etdiyi kimi, sübut olunmağa ehtiyacı olmayan bir aksiomdur.
XX əsrin əvvəllərində xalqımızın milli oyanış və özünüdərk ideyalarına ardıcıl xidmət göstərən görkəmli sənətkarlarımızdan biri də Heydər Əliyevin “ədəbiyyatımızın və mədəniyyətimizin klassiki” adlandırdığı, vətən, millət, dil kimi milli dəyərlər uğrunda mübarizə aparan Cəlil Məmmədquluzadədir.
Ulu öndər üçün Cəlil Məmmədquluzadə təkcə bizim keçmişimiz, ədəbiyyat tariximizin bir dövrü, mərhələsi deyil, o həm də bizim bugünümüz, canlı müasirimizdir. Onun şəxsiyyəti çox az sayda ədiblərə qismət olan həmişəyaşarlıq qazanıb, yaradıcılığı isə öz aktuallığı, müasir dövrümüzlə səsləşməyi baxımından diqqəti cəlb edir. Ulu öndər Heydər Əliyev Cəlil Məmmədquluzadənin nə özündən əvvəl, nə də sonra yaşamış görkəmli şəxsiyyətlərdən heç kimə bənzəmədiyini xüsusi olaraq vurğulayıb: “Cəlil Məmmədquluzadə çoxşaxəli yaradıcılığı ilə, əsərləri, maarifçiliyi ilə, elə o dövrdə “Molla Nəsrəddin” jurnalı ilə və başqa fəaliyyəti ilə təkrarolunmaz şəxsiyyətdir. Ümumiyyətlə, ədəbiyyatda, elmdə tarix boyu insanların iki-üç əsrdən sonra bir-birinə bənzərliyi var. Amma Cəlil Məmmədquluzadəyə nə ondan əvvəlki, nə də ondan sonrakı dahi insanlar bənzəyiblər. Onun öz siması var. Onun öz siması da Azərbaycan xalqının inkişafı üçün dəyərli xidmətlər göstərmişdir”. Maraqlı məqam budur ki, Ümummilli liderimiz Mirzə Cəlilin fəaliyyətinin bütün sahələrini eyni dərəcədə qiymətləndirib, bunların hamısının bir bütöv, tam halında xalqın azadlıq uğrundakı mübarizəsinə xidmət etdiyini, mədəniyyətimizi zənginləşdirdiyini qeyd edib. Milli şüurun və müstəqillik ideyalarının formalaşdırılmasında Cəlil Məmmədquluzadənin bədii yaradıcılığı, hər birindən qan iyi gələn səhnə əsərləri nə qədər mühüm əhəmiyyət kəsb edirsə, “Molla Nəsrəddin” jurnalı, onun felyeton və məqalələri də bir o qədər əhəmiyyətlidir.
Mirzə Cəlilin “Ölülər” tragikomediyası haqqında hələ o illərdə müxtəlif mətbuat orqanlarında S.M.Qənizadə, H.Cavid, N.Nərimanov, N.Vəzirov, Ü.Hacıbəyov və başqalarının çox müxtəlif məzmunlu müsbət fikirləri dərc olunub. Bu əsəri bəziləri N.V.Qoqolun “Revizor”, bəziləri ViktorHüqonun “Səfillər” əsərlərilə müqayisə ediblər. Ümummilli lider isə “Ölülər”i hətta ViliamŞekspirinəsərlərilə də müqayisə etməyi düzgün hesab etməyərək onu dünya ədəbiyyatında analoqu olmayan bir əsər adlandırıb, bu əsərin öz müəllifinin həm nə qədər filosof, psixoloq olduğunu, həm də yalnız özünəməxsus yaradıcılığa, fitri istedada malik olduğunu əks etdirdiyini bildirib. Onun fikrincə, əsərin ən mütərəqqi cəhəti isə müasir dövrümüz üçün son dərəcə aktual olmasıdır. Çünki tarixin istənilən dövründə mövhumata inanan insanlar qrupu olub: “Ölülər əsəri ölməz əsərdir. O, yazıldığı vaxt da lazım idi, o, bizə bu gün də lazımdır”. Eyni zamanda əsl ziyalı kimi Heydər Əliyev bu əsərin ədəbiyyatşünaslıqda sosialist ideologiyası ilə ateizm təbliğ edən bir əsər kimi qələmə verilməsinə də qarşı çıxaraq, əsərin dini deyil, dini mövhumatı, dinə qazanc mənbəyi kimi baxanları, onu öz çirkin əməllərinə uyğun şəkildə təhrif edərək yozanları tənqid hədəfi seçdiyini, islami dəyərlərin isə bizim bütün klassik ədəbiyyatımızdan qırmızı xətlə keçdiyini xüsusi olaraq vurğulayıb.
Ulu öndərimizin fikrincə, Cəlil Məmmədquluzadənin doğma xalqı qarşısındakı ən mühüm xidmətlərindən biri də onun XX əsrin əvvəllərində ana dilimizi ərəb-fars, rus-Avropa və Osmanlı dilinin yad ünsürlərindən qoruyaraq ümumxalq danışıq dilinə əsaslanan bir ədəbi dil nümunəsi təqdim etməyində və dilimizin saflaşdırılması üçün ən kəsərli vasitələrdən istifadə etməyindədir. Dahi sənətkarın bədii irsinin yorulmaz tədqiqatçısı akademik İsa Həbibbəylinin və digər ədəbiyyatşünasların “Azərbaycanın kitabı”, “Azərbaycannamə” hesab etdikləri “Anamın kitabı” dramını ümummilli liderimiz “Azərbaycan üçün çox dahiyanə əsər” hesab edərək onun aktuallığından da söz açıb: “1918-ci ildə olduğu kimi əsrin sonunda ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan da Cənubdan, Şimaldan və Qərbdən gələn təzyiqlərə və təsirlərə sinə gərməli olmuşdur”. Biz müdrik siyasətçimiz Heydər Əliyevin fəaliyyətində dilimizə böyük diqqət və qayğının, sonsuz sevginin ən yüksək təzahürünün dəfələrlə şahidi olmuşuq. Hələ 1978-ci ildə, totalitar ideologiyanın təzyiqi altında Heydər Əliyev böyük cəsarət göstərərək Azərbaycan dilini dövlət dili kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil etdi. Onun “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanı və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanı böyük tarixi-siyasi əhəmiyyətə malikdir.
Cəlil Məmmədquluzadəni Heydər Əliyevə yaxınlaşdıran ən mühüm cəhətlərdən biri, daha doğrusu, birincisi onun xalqın taleyilə bağlı məsələlərdə xüsusi fəallıq göstərməsi, ictimai-siyasi proseslərə fəal vətəndaş, demokratiya tərəfdarı olan bir ziyalı kimi hər kəsdən öncə münasibət bildirməsi, müstəqillik ideyalarının formalaşmasında çox mühüm xidmətlər göstərməyidir. Ümummilli liderimiz Azərbaycan xalqının öz azadlığı, müstəqilliyi uğrunda apardığı mübarizəni Mirzə Cəlilsiz təsəvvür etməyin mümkün olmadığını, buna görə ona ancaq bir ədəbiyyatçı, yazıçı, publisist kimi yox, həm də böyük siyasətçi kimi yanaşmaq lazım olduğunu bildirib: “Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə, publisistikası ilə, mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir”. Ulu öndər müstəqillik ideyalarının ifadə olunması baxımından Mirzə Cəlilin “Cümhuriyyət” məqaləsinin xüsusi dəyərə malik olduğunu qeyd edərək bu məqalənin müəllifini Azərbaycanın çağdaş tarixindəki böyük demokratlardan biri adlandırıb.
Azərbaycan ədəbiyyatşünaslığında həmişə yüksək qiymətləndirilən Cəlil Məmmədquluzadənin yaradıcılığına dəyişən zaman və şərait daxilində yenidən müraciətin zəruri olduğunu da ilk dəfə böyük uzaqgörən şəxsiyyət olan Heydər Əliyev vurğulayıb. Əgər vaxtilə böyük satirik şairimiz Mirzə Ələkbər Sabir özünü dəryada qərar tutan bir qocaman dağa bənzədirdisə, Ümummilli liderimiz Cəlil Məmmədquluzadə yaradıcılığını elə o dibi görünməyən dəryanın özünə bənzədib: “Doğrudur, Cəlil Məmmədquluzadə yaradıcılığı elə bir dəryadır ki, o dəryanın dibinə gedib çatmaq, hamısını əhatə etmək mümkün deyildir. Güman edirəm ki, hələ bir neçə nəsil Azərbaycan tarixçisi, ədəbiyyatşünası, sənətşünası, siyasətşünası, alimi Cəlil Məmmədquluzadə xəzinəsini araşdıracaq, onu tədqiq edərək yeni kəşflər edəcəkdir”. Xalqımızın xilaskarı, ədəbiyyatımızın hamisi Heydər Əliyevin on doqquz il əvvəl söylədiyi bugün də aktual olan bu sözlər mirzəcəlilşünaslıqda çox mühüm addımların atılmasına və alimlərimizin dəyərli elmi-tədqiqat əsərlərinin meydana gəlməsinə səbəb olub.
Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində ev muzeyi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 31 dekabr tarixli sərəncamı ilə yaradılıb, 13 oktyabr 1999-cu ildə baş tutmuş muzeyin açılış mərasimində şəxsən iştirak edən Heydər Əliyev nitq söyləyib. Çıxışının sonunda o, Mirzə Cəlil irsinin, şəxsiyyəti və xidmətlərinin Azərbaycan xalqının qəlbində yaşayacağını bildirib. Bugün Ümummilli liderimizin siyasi kursu onun layiqli davamçısı İlham Əliyev tərəfindən həyata keçirilir. Onun 23 yanvar 2006-cı il tarixli sərəncamına əsasən “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi respublikamızda layiqincə qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 140 illik yubileyi haqqında” 2009-cu il 6 fevral tarixli Sərəncamına uyğun olaraq görkəmli yazıçı Cəlil Məmmədquluzadənin 140 illik yubileyinin qeyd olunması, 2019-cu ilin 17 yanvar tarixində isə dahi ədibin anadan olmasının 150 illik yubileyinin qeyd olunması ilə bağlı möhtərəm prezidentimizin müvafiq Sərəncamı fikrimizi bir daha təsdiqləyir.
Sonda onu qeyd etmək istərdim ki, ulu öndər Heydər Əliyevin Cəlil Məmmədquluzadə şəxsiyyətinə, yaradıcılığına və fəaliyyətinə verdiyi yüksək dəyər təkcə mirzəcəlilşünaslıq, ədəbiyyatşünaslıq elmində deyil, həm də Azərbaycanşünaslıq tarixində çox mühüm əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin heykəllərini uclatmayıb, onların haqqındakı dəyərli fikirlərilə onlara ən nəhəng mənəvi abidəni də ucaldıb. Məhz bu səbəbdən də əvəzolunmaz Ümummilli liderimiz də xalqımızın qəlbində və fikirlərində əbədi olaraq yaşayacaqdır!
Aygün Orucova
AMEA Naxçıvan Bölməsi
Filologiya üzrə fəlsəfə doktoru