Rayon İcra Hakimiyyətinin əlaqədar qurumları, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Sədərək rayon bazası ilə birgə əkin sahələrinə gübrə səpmə prosesinə start verib. Dövlətimizin yüksək qayğısı nəticəsində sahibkarlar lazım olan gübrələrlə təmin olunublar. Beləliklə sahələrdən bol məhsul əldə etmək üçün ilk addım atılıb. Lazım olan aqrotexniki qurğular traktorlara quraşdırılaraq sahələrə yola salınıb.
Bu məqsədlə əkin sahəsində keçirilən tədbirdə sahibkarlara ətraflı məlumat verilib, gübrələrin aqrotexniki qaydalara uyğun olaraq sahələrə səpilməsi təmin olunub. Çünki lazım olan miqdardan artıq və ya az verilsə, o xeyir etməz, əksinə məhsula zərər verər. Bunu nəzərə alaraq sahibkarlara ətraflı məlumat verilib.
Bildirilib ki, bitkinin kök sisteminin normal inkişaf etməsi, sahədəki su ehtiyatının uzun müddət saxlanması, artıq suların axıdılması üçün torpaq yumşaq və məsaməli, onun səthi isə hamar olmalıdır. Torpağın münbitliyi əkin sahələrinin üzvi maddələrlə təmin olunması ilə bağlıdır. Belə ki, üzvi gübrə, ağac və yem bitkilərinin qalıqlarından hazırlanmış müxtəlif kompostlar torpaqlarımızı həm yaxşılaşdırır, həm də qida maddələri ilə təmin edir.
Sahibkarlara o da bildirilib ki, gübrələr əkin sahələrinə suvarma suyu vasitəsi ilə də verilir. Bundan əlavə gübrələri bitkilərə çiləmə üsulu ilə də vermək olar.
“Oğuz yurdu” qəzeti