Muxtar respublikamızda bu yaşıllıqların artırılması bütün bölgələrdə olduğu kimi, Kəngərli rayonunda da uğurla həyata keçirilir.
Rayonun yaranmasından qısa müddət ötməsinə baxmayaraq, burada yaşıllaşdırma işləri geniş vüsət alıb. Ötən illər ərzində Kəngərli rayonunda yeni meyvə bağlarının salınması, meşəbərpa işləri diqqət mərkəzində saxlanılıb.
Həyata keçirilən yaşıllaşdırma tədbirləri 2018-ci ildə də davam etdirilib. Təkcə ötən il yaz və payız yaşıllaşdırma aylıqları çərçivəsində rayonumuzda 21,5 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, ümumilikdə rayonun müxtəlif yerlərində 24 min 715 meyvə tingi, 1340 meşə ağacı, 3 min 550 həmişəyaşıl ağac, 6 min gül kolu əkilmiş, 0,3 hektar sahədə badam və ərik toxumları və 1,5 hektar sahədə 2 min 200 üzüm tənəyi yerə bastırılıb.
Kəngərli rayonunda bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində bu qədim yurdumuz günbəgün gözəlləşir, könüllər oxşayan məkana çevrilir. Həyata keçirilən tədbirləri rayonun qəsəbə və kəndlərində də görmək mümkündür. Salınan meşə zolaqları, yaradılan yaşıllıqlar, al-əlvan gülzarlıqlar, yeni meyvə bağları rayonumuzun simasına yeni naxışlar əlavə edir.
Bu gün muxtar respublikamızda, eləcə də Kəngərli rayonunda həyata keçirilən yaşıllaşdırma tədbirlərində müxtəlif dövlət orqanlarında çalışanlarla yanaşı, sadə vətəndaşlar da az deyil. Bu isə görülən işlərdə vətəndaş həmrəyliyini ortaya qoyur. Eyni zamanda həyata keçirilən belə tədbirlər insanlarda ekoloji təfəkkürün formalaşmasına, ümumi evimiz olan ana təbiətə yanaşmada böyük rol oynayır.
Anar Qasımov
“Yeni həyat” qəzeti