Naxçıvanda “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçirilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, iyunun 26-da Naxçıvan şəhərində “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsinin açılış tədbiri keçirilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Heydər Əliyev Muzeyində olan qonaqlar Ulu Öndərin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, muzeyin qarşısında xatirə fotosu çəkdiriblər.
“Naxçıvan Palas”da keçirilən açılış tədbirində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli tədbirdə çıxış edərək bildirib ki, arbitrajın inkişafı yalnız hüquqi baxımdan deyil, həm də iqtisadi və sosial müstəvidə mühüm əhəmiyyət daşıyır. Gənclərin iştirakı ilə keçirilən simulyasiyanın məhz bu prinsiplərin öyrədilməsi və tətbiqi baxımından çox dəyərli olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, ötən il COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanın iqlim dəyişikliklərinə qarşı qətiyyətli mövqeyi və məsuliyyətli dövlət imici bir daha təsdiq olundu.
Səlahiyyətli nümayəndənin müavini “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda ətraf mühitin mühafizəsi və alternativ enerji mənbələrinin inkişafı məsələlərinin əsas hədəflərdən olduğunu diqqətə çatdırıb, günəş enerjisi layihələri, meşə fondunun artırılması, su ehtiyatlarının bərpası təşəbbüslərini bu istiqamətdə atılan əhəmiyyətli addım kimi qiymətləndirib.
Samir Seyidəhmədli gələcəyin hüquqşünasları olan tələbələrə müraciətində hüquqi biliklə ekoloji və sosial məsuliyyəti birləşdirə bilməyin, təkcə mütəxəssis deyil, həm də vicdanlı və məsuliyyətli vətəndaş kimi yetişməyin onların üzərinə düşən mühüm vəzifə olduğunu qeyd edib.
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Abiddin Hüseynov qeyd edib ki, 30 illik dövrdə Azərbaycanın təbii sərvətləri də işğal altında saxlanılıb, qeyri-qanuni istismar olunub. Bu həm də xalqımızın öz təbii sərvətləri üzərində suveren hüququnun pozulması idi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəyə imza atması tarixi ədaləti bərpa etməklə, həm də işğal altında olan torpaqlarımız üzərində suveren hüquqlarımızın bərpasını təmin etdi.
Bu proseslər, habelə ölkəmizdə mübahisələrin məhkəmədən kənar həlli yollarının inkişafı ilə bağlı aparılan islahatlar arbitraj institutunun inkişafını labüd etmişdir. Bu inkişafın təmin olunması üçün isə ixtisaslı və peşəkar kadrlara ehtiyac var.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev rəhbərlik etdiyi ali təhsil ocağında hüquq sahəsində kadrların yetişdirilməsi məsələlərindən danışıb. Qeyd edib ki, hüquqşünaslıq sahəsində ixtisaslar əmək bazarına uyğun müəyyən edilir.
Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərov çıxışında qeyd edib ki, Naxçıvanda təşkil olunan bu təşəbbüs, sadəcə, bir simulyasiya tədbiri deyil, həmçinin hüquqi innovasiyaların, gənclərin inkişafına verilən önəmin və ədliyyə sisteminin gələcəyə yönəlmiş baxışının göstəricisidir.
Açılış tədbirinin sonunda xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Gənclər Fondu, Azərbaycan Arbitraj Assosiasiyası və “Ədliyyə Könüllüləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən layihə 26-29 iyun tarixlərini əhatə edəcək.