1918-ci il may ayının 28-də xalqımız rus imperializminin əsarətindən xilas olaraq Azərbaycan Xalq Cümhuriyyətini quranda ordumuz yox idi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyətinə rəhbərlik edən insanların dövlət quruculuğu istiqamətində ilk tədbirlərindən biri müstəqil dövlətin silahlı qüvvələrinin formalaşdırılması oldu. Son dərəcə çətin və ağır bir şəraitdə, erməni qəsbkarları və onların havadarları ilə müharibə apara-apara öz ordusunu yaratdı. Vaxtın az, düşmənin isə cox yaxında olduğu ziddiyyətli, təbəddulatlarla dolu bir zamanda ordu quruculuğuna başlandı və qısa müddətdə bir sıra uğurlar qazanıldı: Bakı erməni-daşnak işğalından azad edildi, Qarabağda erməni quldur dəstələrinə qarşı uğurlu əməliyyatlar həyata kecirildi. Generallar Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskinin böyük zəhmət sərf etdikləri bu iş yarımçıq qaldı. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşadı və bu qısa müddət ordu quruculuğunun yüksək səviyyədə həyata kecirilməsinə imkan vermədi.
XI ordu Bakını işğal etdi. Rusiya şərq sərhədlərini möhkəmlətmək üçün Azərbaycanda ordu və donanma yaratdı. Ancaq Azərbaycanı qarşıda daha böyük müsibətlər gözləyirdi. Elm, mədəniyyət sahəsində tanınmış ziyalıların, siyasi xadimlərin və peşəkar hərbçilərin repressiyası başlanmışdı. Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk aylarında onlarla təcrübəli, peşəkar hərbçimiz güllələndi. Sonra isə fəlakətin daha dəhşətli, daha qorxunc dövrü gəldi. Yenə azərbaycanlılar hərbi xidmətə çağrılmır, əksinə, milli diviziyamızın ləğv edilməsi üçün tədbirlər görülürdü. Bu müsibətlər 1937-1938-ci illərdə daha dəhşətli hal aldı. Azərbaycan diviziyasının yaradıcılarından biri, Cəmşid Naxçıvanski də bu repressiyadan qurtula bilmədi. Azərbaycan diviziyası da ləğv edildi. 1938-ci ildən sonra azərbaycanlıların da ümumi hərbi xidmətə cəlb edilməsinə başlandı. Lakin azərbaycanlılardan ibarət yeni hərbçi nəslinin yetişməsinin qarşısını almaq məqsədilə onları xüsusi hərbi bilik və hazırlıq tələb etməyən hissələrə göndərirdilər. Lakin buna baxmayaraq II Dünya müharibəsi zamanı cəbhədə qəhrəmanlıq göstərən onlarla azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı oldu, bəziləri general rütbəsinə yüksəldi. Ancaq maneələr hələ də qalırdı.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra da xalqımızı 1920-ci ildəki aqibət gözləyirdi. Azərbaycanı daim əsarət boyunduruğunda saxlamaq istəyən imperiyasevən qüvvələr ölkəmizi müstəqillikdən məhrum etmək üçün əvvəlcədən düşünülmüş şəkildə süni Qarabağ problemini yaratdılar. Bunun da əsasında Azərbaycanı uzun sürən dağıdıcı müharibəyə cəlb etdilər. O zaman ermənilər artıq öz ordularını yaradıb əsgərlərə hərbi bilet verdiklərini ittifaqın mərkəzi televiziya kanalının proqramlarında nümayiş etdirəndə Azərbaycanda ov tüfəngləri də yığılırdı və ordu sözünü dilinə gətirmək yuxarılar tərəfindən qadağan edilirdi. Xalqımız başsız, silahsız qalmışdı, torpağımızı qorumaq ücün əlimizdə yabadan və baltadan başqa hec nə yox idi.
1991-ci ilin sentyabrında başlayaraq Azərbaycan milli ordusunun yaradılması istiqamətində ilkin addımlar atılsa da, bu proses çox bərbad vəziyyətdə gedirdi. Silahlı qüvvələr Müdafiə Nazirliyinin deyil, ayrı-ayrı siyasi partiyaların nəzarətində idi. Həmin partiyalar silahlı birləşmələri milli mənafelər uğrunda deyil, öz maraqları naminə, hakimiyyətə gəlmək üçün istifadə etməyə çalışırdılar. Orduda hərbiçilərdən çox digər peşə sahibləri daha üstünlük təşkil edirdilər. Bunlar isə ali təhsili olmayan şəxslər idi.
Azərbaycan milli ordusunun banisi HEYDƏR ƏLİYEVDİR
Çox təəssuf ki, müharibənin ilkin dövrlərində Azərbaycan xalqı özünun dahi oğlundan, görkəmli dövlət xadimi Heydər Əliyevdən uzaq düşmüşdu. Həmin keşməkeşli, ağır günlərdə isə ölkəni düzgün istiqamətdə apara biləcək ikinci bir lider yox idi. Nəhayət, ölkəyə rəhbərlik edənlər öz səriştəsizlikləri ilə Azərbaycanı məhvolma həddinə çatdırdılar və bu zaman xalq özünün yeganə və düzgün qərarını verdi: Ulu öndər Heydər Əliyevin Bakıya qayıdışı və hakimiyyət sükanını öz əlinə alması təkidlə tələb edildi. Heydər Əliyevin xalqın istək və arzusu ilə ölkə rəhbərliyinə qayıdışı müstəqil dövlətçiliyin digər təsisatları kimi vahid komandanlığa əsaslanan mütəşəkkil ordunun yaradılmasının da əsasını qoydu. Bu istiqamətdə ulu öndərin atdığı ən uğurlu addımlardan biri bütün silahlı dəstələrin buraxılması, onların silahlarının, texnikalarının, habelə əhalidə olan silah-sursatın yığılması oldu. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Ulu öndər əvvəlcə televiziya və radio vasitəsilə xalqa müraciət edərək ölkəmizin çox çətin bir vəziyyətə düşdüyünü, müstəqil dövlətçiliyimizin taleyi üçün təhlükə yarandığını hamının diqqətinə çatdırdı və əhalini səfərbər olmağa çağırdı. Məhz belə bir tarixi müraciətdən sonra gənclərimizin vətənpərvərlik hissləri gücləndi, cəbhə xəttində ordumuzun uğurlu əks-hücumları başlandı. Ağdam, Füzuli, Tərtər bölgəsində gedən hərbi əməliyyatlar zamanı döyüşçülərimiz real üstünlük əldə etdilər və onlarla kəndimiz işğalçılardan təmizləndi. 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. Artıq xalqımız ölkədə nizami və vahid komandanlıq tərəfindən idarə edilən bir ordunun yaradıldığını hiss etdi. Azərbaycan ordusunun cəbhə xəttində real üstünlüyünü görən Ermənistan rəhbərliyini atəşkəsi imzalamağa məcbur oldu.
1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizami, müasir səviyyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başladı.
Varislik prinsipi əsas tutularaq Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr günü kimi, 16 avqust 2000-ci il tarixli sərəncamı ilə isə 18 avqust Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
Ordu quruculuğunun əsas tərkib hissəsi olan hərbi təhsil, ixtisaslı hərbi kadrların hazırlanması prosesi də daim diqqət mərkəzində idi.
Ulu öndər ixtisaslı hərbi kadrların hazırlanması prosesinə hələ 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilən ildən başlamışdır. Bu dövrdən Heydər Əliyev azərbaycanlıların ali hərbi təhsil almaları üçün yollar axtarmağa başladı. Bunlardan biri də azərbaycanlıların hərbi məktəblərə qəbul olunmasını təmin etmək üçün indiki Cəmşid Naxçıvanski adına hərbi litseyi yaratması oldu. Bu məktəbi yaratmaq heç də asan olmamışdı. Çünki o dövrdə SSRİ rəhbərliyi Azərbaycanda belə bir məktəbin yaradılmasına imkan vermirdilər. Cənab Heydər Əliyev böyük uzaqgörənliklə, qeyri-adi cəsarətlə və inadkarlıqla bunu etdi. 1971-ci il iyulun 20-də "İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında" Azərbaycan KP MK bürosu qərar qəbul edir. 1971-ci ilin noyabr ayında məktəbin açılışı olur. Heydər Əliyev bu təntənəli mərasimdə iştirak edir və bildirir ki, yeni məktəbə diviziya komandiri general Cəmşid Naxçıvanskinin adını veririk.
Prezident Heydər Əliyevin sərəncamı ilə 1998-ci ilin martında bu litseyin Naxçıvanda filialı açıldı. Bu gün məktəb daha yüksək tələblərə cavab verir. Hər zaman Heydər Əliyevin qayğısı ilə əhatə olunan məktəbi məhz buna görə də fəxrlə "Heydər Əliyev məktəbi" adlandırırlar. Məzunlar fəxrlə "Mən Heydər Əliyev məktəbinin məzunuyam" deyirlər.
Əsası Naxçıvanski adına hərbi liseylə qoyulan hərbi təhsil müəssisələrimizin sayı nüfuzlu ali hərbi təhsil ocaqları hesabına daha da genişləndi. 1997-ci ildə Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı. H.Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzi təşkil edildi.
Ulu öndərimizin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulmuşdur. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edir, ən son hərb yeniliklərini mənimsəyirlər.
Milli ordu quruculuğuna Naxçıvandan başlanıldı
Heydər Əliyev 1991-ci il sentyabrın 3-də əhalinin təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. Bundan cəmi 4 gün sonra, 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komtəsi yaradıldı. Məhz bunula Naxçıvanda milli ordunu yaradılmasının əsası qoyuldu. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Cənab Vasif Talıbov demişdir: “Ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycanın milli dövlətçiliyinin bərpası Naxçıvandan başlandığı kimi, milli ordu quruculuğu da 1991-ci ildə Naxçıvandan başlanmışdır.
25 may 1992-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisin Rəyasət Heyəti Naxçıvanın inkişafı və müdafiə fondunun yaradılması haqqında qərar qəbul edilmişdir. Məhz o illərdə yaradılan Naxçıvanın inkişafı və müdafiəsi fonduna yığılan vəsait Milli Ordunun möhkəmlənməsinə sərf olundu. Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri işlədiyi dövrdə muxtar respublikada hərbi quruculuq məsələsinə xüsusi diqqət yetirirdi. Onun bir başa rəhbərliyi və nəzarəti altında Rusiyanın Zaqfqaziya Sərhəd Dairəsinin Naxçıvandakı hərbi hissələrinin komandanlıqları ilə aparılan danışıqlar nəticəsində 75-ci motoatıcı diviziyanın ləğv edilməsi diviziyanın bütün hərbi və təsərrüfat əmlakının Azərbaycan Respublikasının sərəncamına verilməsi haqqında razılıq əldə edildi. 1992-il iyul ayının 28-də Naxçıvan Muxtar Respublika Ali Məclisinin təklifi ilə Azərbaycan Sərhəd qoşunlarının Naxçıvanda I sərhəd qoşunları dəstəsi yaradıldı. Naxçıvanda yerləşən 41-ci sərhəd dəstəsi ləğv olundu. Onun funkisiyalarının, bütün hərbi və təsərrüfat əmlaklarının I sərhəd dəstəsinə verilməsi haqqında sənədlər imzalandı. Bu sənədlərə uyğun olaraq 75-ci diviziya ilə olduğu kimi, keçmiş 41-ci sərhəd dəstəsinin də bütün hərbi, hərbi texniki, təsərrüfat əmlakı Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvandakı dəstəsinə təhvil verildi, bu zaman heç bir münaqişəli hal olmadı. Sovetlər ittifaqına mənsub olan sərhəd dəstələri həmin vaxt Rusiyanın sərəncamına keçmişdi. Azərbaycanın payını almaq üçün, bu əmlakın müstəqil Azərbaycan Respublikasının ixtiyarına verilməsi üçün çox cəhdlər göstərilirdi. Ulu öndər bu barədə qeyd edirdi ki, mən Naxçıvanda Ali Sovetin Sədri işlədiyim zamanı Azərbaycan Respublikasının rəhbərliyi ruslarla razılaşmışdılar ki, Naxçıvanda olan hərbi hissənin hərbi texniki və təsərrüfat əmlakının 50%-i Azərbaycan Respublikasına, 50%-i isə Rusiya Federasiyasına çatacaqdır. Ancaq o dəqiqə mən işə qarışdım bu hərbi texnikanın, təsərrüfat əmlakının Naxçıvanın malı olduğunu bildirdim və bütün texnikanın hamısının Naxçıvanda qalmasına nail oldum.
Bu gün Naxçıvanda ordu ən yüksək standartlara cavab verir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2013-cü il dekabrın 18-də Naxçıvanın müdafiə qabiliyyətinin artırılması üçün çox mühüm qərarlar qəbul etmiş, Naxçıvan Muxtar Respublikasında 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılmışdır. Bu gün Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmətin nümunəvi təşkili, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Azərbaycanda ordu quruculuğu yüksələn xətlə davam edir
Bütün bunlar ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı dahiyanə, duşunulmuş siyasi xəttinin və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsinin nəticəsidir. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması, müdafiə məqsədilə dövlət büdcəsindən ayrılan xərclərin ildən-ilə artırılaraq yüksək həddə çatdırılması, sonradan bu sahəyə ayrılan vəsaitə əlavələr olunması da bu siyasətin nəticəsidir. Əsas odur ki, Prezident İlham Əliyevin həmişə vurğuladığı “Azərbaycanın hərbi büdcəsinin təcavüzkar Ermənistanın illik dövlət büdcəsindən artıq olması” barədəki tələbi həllini tapmışdır. Müstəqil dövlət kimi suveren hüquqlarını qoruyan, ildən-ilə artan iqtisadi imkanlarından istifadə edərək ordu quruculuğu sahəsində nailiyyətlər qazanan Azərbaycanın uğurlarından ehtiyatlanan ermənipərəst qüvvələrin narahatlığının heç bir əsası olmadığını “Müdafiə məsələlərini həll etmək Azərbaycanın suveren hüququdur” sözləri ilə bildirən Ali Baş Komandan İlham Əliyevin tez-tez cəbhə bölgəsində olması əsgərlərin döyüş əhval-ruhiyyəsini artırmaqla xalq-ordu birliyini möhkəmləndirir.
Artıq təsdiq olunmuş bir həqiqətdir ki, bütün sahələrdə olduğu kimi regionda liderlik şansını qoruyub saxlayan Azərbaycan müdafiə, hərbi hazırlıq, nizami ordu quruculuğu baxımından da fərqlənir.
Özünü müvafiq hərbi avadanlıqlarla təmin edən Müdafiə Sənayesi Nazirliyinin formalaşması, təkmilləşməsi, istehsal etdiyi məhsulların beynəlxalq standartlara cavab verməsi artan müdafiə qüdrətimizin göstəricisidir.
Aparılan islahatlar nəticəsində hərbi təhsil sistemi bütövlükdə NATO standartlarına keçirilib. Əsgərlərimiz Kosovo, Əfqanıstan və İraqda ölkəmizin şərəfini yüksək ləyaqətlə qorumuşdular. Silahlı qüvvələr daim səhra təlimləri keçir, qoşunların döyüş hazırlığı yüksək səviyyədə saxlanılır. Silahlı qüvvələrdə aparılan islahatlar da uğurla davam etdirilir.
Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan sözün əsl mənasında, bölgədə ən yüksək mövqeyə malik ölkədir: “Əlbəttə ki, bunu şərtləndirən müxtəlif amillər var. O cümlədən iqtisadi potensial və ordunun güclü olması. Güclü ordu, güclü dövlət deməkdir.” Deyildiyi kimi müstəqilliyin əbədiliyi, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.
Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir!
Bütün bunların nəticəsidir ki, dünya Azərbaycan Ordusunun gücünü ilk dəfə 2016-cı ilin Aprel döyüşlərində gördü. Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi bölmələrimizin tam nəzarətinə götürüldü. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza ilk qələbə sevinci yaşatdı. Bu döyüşlər Azərbaycan Ordusunun mənəvi-psixoloji, döyüş ruhu, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımdan Ermənistan ordusunu nə qədər qabaqladığını göstərdi. Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası ərazisində 2018-ci ildə keçirdiyi Günnüt əməliyyatı da Silahlı Qüvvələrimizin uğurları sırasındadır.
Şanlı ordumuz qısa müddətli uğurlu müharibə apararaq, dünya miqyasında XX yüzilliyə öz möhürünü vurdu. Azərbaycan Ordusu nəinki regionun, həmçinin Yaxın və Orta Şərqin, bütün post-sovet məkanının ən qüdrətli silahlı qüvvələrindən biridir və bu güclənmə prosesi məqsədyönlü şəkildə davam etdirilir.
2020-ci ilin sentyabrın 27-də kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qaldı və mülki şəxslər, hərbiçilər arasında itkilərimiz oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan əsgərinə işğal altında olan torpaqlarımızın azad edilməsi və işğala son qoyulması haqqında əmr verdi. Azərbaycan cəmi 44 gün ərzində öz gücünə tarixi ədaləti bərpa etdi. Baxmayaraq ki, Dağlıq Qarabağın ərazisinin coğrai relyefi düşmən üçün daha əlverişli idi, lakin əsgər və zabitlərimiz qəhrəmanlıq, şücaət göstərərək, şərəfli missiyanı yerinə yetirdilər və torpaqlarımız düşmən tapdağından azad olundu. Vətən müharibəsi göstərdi ki, Azərbaycan ötən dövrdə ordu quruculuğunda müasir yanaşmalara və innovativ texnikalardan istifadə olunmasına üstünlük verib.
Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyi oldu.
Təbii ki, biz Milli Ordumuzun yüksək səviyyədə təşkil olunmasına görə, ümummilli lider Heydər Əliyevə borcluyuq.
Asəf ORUCOV
Ali Məclisin Deputatı