Muxtar respublikada taxıl zəmilərinə yemləmə gübrələrinin verilməsinə başlanılıb. Əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində dənli taxıl bitkiləri istehsalının artırılması müstəsna əhəmiyyət daşıyır. Bu bitkilərdə məhsuldarlığın yüksəldilməsi məqsədilə tətbiq edilən aqrotexniki tədbirlərdən ən vacibi isə onların gübrələnməsidir.Üzvi və mineral gübrələrin tətbiqi torpağın münbitliyini və bitkilərin məhsuldarlığını artırmaqda mühüm rol oynayır.
Mütəxəssislərin sözlərinə görə, fevral ayının ortalarından martın əvvəllərinədək taxıllara yemləmə gübrəsinin verilməsi üçün optimal vaxtdır. Bu tədbirləri gecikdirdikdə gübrənin iqtisadi səmərəsi azalır. Digər qida elementlərinə nisbətən azot gübrələrinin təsirindən məhsuldarlıq və dənin keyfiyyəti daha çox yüksəlir.Qeyd edək ki, artıq Babək rayonunun kəndlərində də gübrə səpini uğurla həyata keçirilir.Torpaq mülkiyyətçiləri dövlət tərəfindən pulsuz verilən gübrələrdən istifadə etməklə məhsuldarlığa təminat yaradırlar.
Məlumat üçün deyək ki,ötən il “Naxçıvan Aqrolizinq”ASC-nin şəhər və rayon bazalarında taxıl istehsalçılarına hektara 150 kiloqram gübrə verilirdisə,bu ildən məhsuldarlığın artırılması məqsədilə 175 kiloqramdan verilir.
Mirdavud Seyid
“Şərqin səhəri” qəzeti