Sədərək rayonu muxtar respublikamızın kənd təsərrüfatı ilə məşğul olan bölgələrindən biridir. Bərəkətli və məhsuldar torpaq sahələri olan rayonda yeni təsərrüfat ilinə də uğurla başlanılıb. Sahələrdən yaxşı məhsul əldə etmək üçün torpaq mülkiyyətçiləri payız aylarından torpağı əkinə hazırlamağa başlayıblar. Torpağa üzvi və mineral gübrələr verərək şum aparılıb. Bol məhsulun əsasını qoymaq üçün torpaq mülkiyyətçiləri əlverişli keçən hava şəraitindən istifadə edərək müasir texnikaların köməyi ilə kartof əkininə başlayıblar.
Kartof əkinləri əsasən rayonun Sədərək və Qaraağac kəndlərində aparılır.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları kartof əkilən sahələrdə olub, kartofçuluqla məşğul olan torpaq mülkiyyətçilərinə maarifləndirici bukletlər paylayıb, onlara əkin qaydaları haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, ötən il Sədərək rayonunda 103 hektar sahədə kartof əkini aparılıb, 1746 tona yaxın məhsul əldə edilib. Rayonda soyuducu anbarların olması da bu məhsulların uzun müddət saxlanmasına, ilin istənilən mövsümündə bazara çıxarılmasına şərait yaradıb.
“Oğuz yurdu” qəzeti