Oğuz Yurdu Sədərək - FOTOLAR

A- A A+

Sədərək adının mənası haqda tarixçilər tarixi qaynaqlara əsasən müxtəlif fikirlər irəli sürürlər. Bəzi alimlərin fikrincə Sədərək toponiminin mənası “Dədə Qorqud” dastanındakı “Uşun Qoca oğlu Səkrək bəyan edir” boyunda axtarmaq lazımdır. Həmin boydan aydın olur ki, Uşun Qocanın oğlu Əkrək və Səkrək yaşayış yerlərindən – “Şərkun ucundan” səfərə çıxır və yolları Əlincə qalasına düşür. 1590-cı ildə tərtib olunmuş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə İrəvan, Şərur, Şahbuz  və Dərələyəz nahiyələrində Əyrək adlı kəndlərin olduğu göstərilib. Şahbuz rayonun Külüs kəndi ərazisində qədim Əyrək kəndinin qalıqları var. Alimlərin fikrincə Sədərək Səkrəyin, Əyrək isə Əkrəyin adından götürülüb. “Sədərək” sözünün “çox adam yaşayan yer” mənasını verdiyini də qeyd edənlər var. Bəziləri isə “Sədərək” adını Səfəvilərin “Çuxur Səədbəylərbəyliyi”nin adı ilə əlaqələndirirlər.

Şah İsmayıl SəfəvininAğqoyunlu Əlvənd Mirzənin qoşunları ilə 1501-ci ildə baş vermiş döyüşdən bəhs edən tarixçi Həsən Rumlu yazırdı: “Bu hadisə Çuxur Səəddə, “Sədərək adlı yerdə” baş vermişdi””.

Tarixçi İ. Şopen İrəvan əyalətinin etnik mənzərəsini təsvir edərək yazırdı: “Şahidlilər və sədərəklilər... tatar (türk) mənşəli olub, (güman ki, Qacar qəbiləsindən) Vedibasar mahalında məskunlaşıblar: birincilər VediUliya kəndində, ikincilər isə Sədərək və Qafan dərəsinin yuxarı hissəsində.” İ.ŞopenŞahdili (Abbasqulu ağa Şadlinskinin mənsub olduğu “şadlı tayfası”) və sədərəkliləri eyni mənşəli hesab etmişdir.

XVIII yüzilliyin əvvəllərində Osmanlıların idarəsində olmuş Azərbaycanın İrəvan və Naxçıvan əyalətinin tarixi ilə bağlı sənədlərin bir qismi İstanbulda Başbakanlık arxivində saxlanılır. O zaman əhalidən vergi yığmaq üçün ayrı – ayrı əyalətlərin “müfəssəl dəftərləri”nihazırlayırdılar. Akademik  Ziya Bünyadovun üzə çıxardığı “İrəvan əyalətinin müfəssəl dəftəri” arxiv sənədində göstərilir ki, o zaman Osmanlı dövlətinin inzibati - ərazi bölgüsü sistemində Sədərək və Şərur nahiyələri İrəvan əyalətinin tərkibinə daxil edilib. Sədərək nahiyəsinə 24 kənd daxil olub. Onların içərisində ən böyüyü olan Sədərək kəndi (85 ailə), Çaban kəndi ilə (6 ailə) birgə götürülərək ən çox–16.000 ağçavergi verməli idi. Bundan başqa Kərkicik kəndi (6 ailə) 3.800 ağça, Əsni (29 ailə) 4.500 ağça, Boyat camaatının məskunlaşdığı Ağgül kəndi (9 ailə) 3.300 ağça, Qaratəpə kəndi (5 ailə) 1.350 ağça, Kərbala kəndi (7 ailə) 2.654 ağçavergi verməli idi.

Adları çəkilən və əksəriyyəti çay boyunca yerləşən kəndlərin bir çoxu sonradan Sədərəyə birləşmişdi. Məsələn, o dövrdə ayrıca kənd olan Asnı, hazırda Sədərəyin şərqində bir məhəllənin adı kimi qalıb.

Sədərək haqqında ətraflı məlumatı rus tarixçisi İ.Şopen verib. Onun 1852-ci ildə nəşr olunmuş “Rus imperiyasına birləşdirmə dövründə Qafqaz vilayətlərinin tarixi abidəsi” kitabında göstərilir ki, 1829-1832-ci illərdə Sədərəkdə 135 ailə, 469 kişi, 409 qadın, ümumiyyətlə 878 müsəlman yaşayıb. Bu dövrdə Sədərək ətrafı kəndlərdən Asnıda 11 ailə (41 nəfər), Kərkidə 3 ailə (17 nəfər), Qaraağacda 12 ailə (94 nəfər) yaşayırdı.

Çar Rusiyası dövründə Vedibasar mahalının poçt dayanacağı Sədərəkdə yerləşirdi. Bu dövrdə Sədərək poçtu ən uzun – 39 verstlik bir məsafəyə xidmət göstərirdi. Orada 9 at saxlanılırdı. Gələn adamlar hər verst yol və at üçün 2 gümüş qəpik ödəməli idi.

İ.Şopen Sədərəkdəki su mənbələri haqqında da məlumat verib: “Çapan arx Qədilin dərəsinin yüksəkliklərində mənbəyə malikdir. Sonradan əsasən Çanaxçı, Qaraağac və Kərkidə bir neçə bulaq və qollarla birləşərək fövqəladə dərəcədə dik və daşlı olan dərədən çıxaraq düzənliyə axır... Sədərək kəndinin əkinlərini suvararaq torpaqda yox olur. Lakin yazda Araza qədər çatır. Bundan başqa kənddə Qarasu adlı bir bulaq da var ki, o da kəndin aşağısında batır”.

1840-cı ilin 20 iyununda mərkəzi Ağrı dağında olan, Şərur və Sədərəkdə böyük dağıntılar törətmiş zəlzələ zamanı Çapan və Qarasu axınlarını iki dəfə artırmışdı. Cindilli dağında yaranan çatdan isə bol su mənbəyi üzə çıxmışdı. XX əsrin 60-cı illərinin sonunda həmin yerdən yenidən su çıxmağa başlayan zaman, ora “Cindilli bulaq” adı verildi. Dağa isə hazırda Əjdahan dağı deyilir.

Əvvəlki illərdə olduğu kimi, XIX əsrin 1-ci yarısında Sədərək əhalisinin əsas məşğuliyyəti əkinçilik olub. Onlar arpa, buğda, çəltik, pambıq, tütün, noxud və digər məhsullar əkib becəriblər. Araz çayı boyu otlaqlar maldarlıqla da məşğul olmağa imkan verirdi. İ.Şopeninməlumatına görə həmin dövrdə Sədərəyin illik vergisi aşağıdakı kimi olub: buğda 1709, arpa 1005, düyü 500, noxud 15 əl arabası, pambıq ipliyi 6 xalvar, tütün 18 batman, qarabaşaq 19 batman.

Sədərək və ətraf ərazilərdə çar Rusiyasının yeritdiyi müstəmləkəçilik siyasətinə qarşı əhalinin tez-tez etiraz çıxışları olurdu. Məsələn, 1854-cü ildə Şirin Sultanın başçılığı ilə Dərələyəzdə 60 nəfərlik dəstə Göy dağa və keçilməz Ginovaz dərəsinə çəkilib. Bu zaman İrəvan hərbi qubernatorunun əmri ilə Dərələyəzə gedən yolun üstündə duran Sədərək kəndini müdafiə etmək üçün güclü post qoyulmuşdu.

Azərbaycan XI Ordu tərəfindən işğal olunduqdan sonra yeni ərazi inzibati bölgüsünə  görə Sədərək Naxçıvanın tərkibinə qatıldı. 1921-ci ildə Sovet Rusiyasının iştirakı ilə Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə arasında bağlanmış Qars müqaviləsinə əsasən Naxçıvanın sərhədləri müəyyənləşdirilərkən, onun ən ucqar kəndi kimi Sədərəyin sərhədləri dəqiq müəyyənləşdirildi. Sərhəd xətti aşağıdakı kimi təsdiqləndi: Urmiya kəndi – Arazdəyən stansiyası – Daşburun (Qızıldaş) dağı Cəhənnəm dərə - Bağırsaq dağındakı suayrıcı. Buna baxmayaraq, Sovet hakimiyyəti illərində müxtəlif dövrlərdə ermənilər dəfələrlə saxta xəritələr tərtib etməklə Azərbaycanın müxtəlif ərazilərinə, o cümlədən Sədərəyə iddialar irəli sürdülər. Onların hətta qeyri-qanuni olaraq Sədərəyin “Çəpərin düzü”, “Kərkinin düzü” deyilən ərazilərdə tikinti işləri aparması dəfələrlə əhalinin haqlı etirazına səbəb olmuşdu.

“Oğuz yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: