Azərbaycan mətbəxi çox zəngindir. Qış üçün hazırlanan hər mürəbbənin də öz dadı-tamı olur.
Zoğal qiymətli meyvədir. Ondan kompot, cem, marmelat, kisel, turşu, şirə, hətta zoğal qurusu da hazırlamaq olar. Zoğal mürəbbəsi çəyirdəkli və çəyirdəksiz hazırlana bilər. Çəyirdəkli hazırladıqda daha dadlı olur. Çünki zoğal çəyirdəklərindən efir yağları da mürəbbəyə hopur. Əvvəla emal üçün yetişmiş meyvələrdən eyni irilikdə götürülərsə mürəbbənin gözəlliyi, görüntüsü daha yaxşı olur. Sonra meyvələr təmiz yuyulur. 1 kiloqram zoğal meyvəsinə 1,5 kiloqram hesabı ilə şəkər tozu işlədilir. Meyvələr 5 dəqiqə qaynar suda ( ocaqdan götürülən ) pörtülür. 1,5 kiloqram şəkər tozuna 2 stəkan su qatmaqla şirə 2 hissəyə bölünür. Şirənin bir hissəsi emallı ləyəndə, həmin pörtülüb suyu süzülmüş meyvənin, üstünə tökülərək vam odda qaynara düşənədək saxlanılır. Qaynara düşdükdə oddan götürülüb 6-8 saat soyudulur. Soyudulmuş qarışığın üstünə şirənin ikinci hissəsini töküb yenidən qaynatmaq lazımdır. Qaynama 8-10 dəqiqədən (qaynara düşəndən sonra) artıq olmamalıdır. Yenə oddan götürülüb 5-6 saat saxlanılır. Mürəbbənin ümumi qaynama vaxtı 40 dəqiqədən artıq olmamalıdır. Hər qaynadılanda üzündə əmələ gələn köpük qaşıqla yığılmalıdır. Mürəbbə açıq şəffaf rəng alıb, meyvələr ləyənin dibinə çökəndə onun ocaqdan götürülmə vaxtıdır. Oddan götürülməyə az qalmış azca vanil əlavə edilərsə, zoğal mürəbbəsi daha təravətli və ətirli olur. Hazır mürəbbə soyuduqdan sonra quru və təmiz bərnilərə yığıb, ağzı kip qapanaraq sərin və quru yerdə saxlanılmalıdır.
Vitamin çatışmazlığı, sümük boşluğu, uşaqlarda qızdırma vaxtı, boğaz gəlməsi, böyrək, qaraciyər, mədə-bağırsaq pozğunluğu, soyuqdəymə, qan azlığı, iştahsızlıq və digər xəstəliklərdə yüksək vitaminli və kalorili zoğal mürəbbəsi bütün mürəbbələrdən üstündür. Çünki zoğal meyvəsinin tərkibində 11 faizədək şəkər, həmərsin və qarağatdan xeyli çox C vitamini, mikroelementlər, aşı maddələri, efir yağları, limon və kəhraba turşuları vardır. Bəli, aramla, vam odda qaynadıldıqda qeyd edilən biofəal maddələr öz keyfiyyətini saxladığından zoğal mürəbbəsi süfrələrin, çay dəsgahının şahı olur.
Zülfiyyə Həsənova