Nənəm danışırdı ki....

A- A A+

Başlıq rəvayətvari olsa da Naxçıvanın qədim tarixindən, onun keçdiyi 5 min illik şəhərsalma mədəniyyəti və qədim dövlətçilik tarixindən deyil, bu günün reallığı ilə söhbətə  başlamaq istəyirəm.  Halbuki Naxçıvanın keçdiyi qürurlu tarixi ilə bağlı uzun-uzadı, faktlarla dolu bir dastan yaratmaq olar. Amma bu gün yaşanan tarixdən  danışacağam.

Tarixin ağır sınaqlarından bacarıqla çıxan qədim yurd yeri-Naxçıvan bu gün inkişafının zirvəsini yaşayır.

Naxçıvan Muxtar Respublikası bu günə qədər, xüsusilə 1924-2019-cu illəri əhatə edən 95 illik dövrdə ümumilikdə ölkəmizin tarixi iqtisadi-siyasi həyatında müstəsna rol oynayıb. Zaman keçdikcə Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən inkişaf yönümlü hadisələr burada yeni mərhələnin də başlanmasına əsaslar yaradıb və  bir çox ilklərə imza atıb.

Mən bu yazıda sizə inkişafın hekayəsini danışacağam. Yox bu mənim fikirlərim ya da öz müqayisəm deyil. Çünki  mən o zamanlarda yaşamamışam. Təsəvvür edə də bilmirəm nənəmin danışdıqlarını. Nağıl deyil, əfsanə deyil, bu danışılanlar, real hadisələrdir. Kənddə qaz sobasının ətrafına yığışıb, söhbətləşirdik.  Əslində böyüklər söhbət edir, kiçiklər isə hərəkətlərində  sərbəst idilər. Hərənin öz məşğuliyyəti var idi. Kimisi telefonunda mahnı dinləyir, kimisi dizüstü kompüterində  oyun oynayır, kimisi internetlə uzaqdakı dostu ilə danışır, kimisi film izləyirdi ...

Arada narazılıqlar da olurdu, mübahisələr də...

Nənəm çayından bir qurtum alıb susmuşdu. Hamı danışsa da o dinmirdi. Nənəmin bu dalğınlığı heç xoşuma gəlməzdi. Öncə düşündüm ki, kimsə onun xətrinə dəyib, sonra onun danışdıqları nənəmin dalğınlığının səbəbini bizə agah etdi.

O böyüklərin yanından qalxıb uşaqlar oturan tərəfə yaxınlaşdı. Bardaş qurub oturdu.

Nənəmin gözləri yol çəkirdi, nəhayət  dilləndi: Şükr etməyi öyrənin... Şükr edin ay bala...

Onun nə demək istədiyini anlamadıq.  Nə üçün şükr edəcəyimizi də. Hamımız öz işimizdə idik. Nənəm keçmişə dağılan baxışlarını toplayırdı sanki. Durub işiğı söndürdü...  Biz hamımız qeyri-ixtiyarı məşğuliyyətimizdən ayrılıb ətrafa baxdıq. O məcbur etdi ki, uşaqlar məşğuliyyətlərini bir kənara buraxıb onu dinləsinlər. Nənəmin qaşları düyünlənmişdi. Belə hallarda onun gərgin və sözlü adam olduğunu anlayırdım. Səssizcə ona baxmağa başladıq. Nənəm yerini rahatlayıb dilləndi:

Bilirsiniz əvvəllər uşaqlar sizin qədər xoşbəxt deyildilər. Yəni əlimizdəkilərlə xoşbəxt olurduq, ancaq, sizin yaşadığınız dövr qədər inkişaf etmiş zamanda yaşamamışıq uşaqlığımızı, bizim uşaqlığımız yarımçıq olub. Nənəmin nə dediyini hələ ki, tam anlamırdıq.

-Biz çox əziyyətlərə qatlaşmışıq bala, yavan çörəyi belə rahat tapa bilmirdik. İndi isə növbənöv çörəklər, un məmulatları, qidalar, ərzaq növləri var çox şükür.

Ağır günlər yaşamadığımız üçün, muxtar respublikadakı inkişafı tam anlaya bilmirdik. Nənəm nəzərlərini otaqda cəmləşdirdi.

- O zamanlar lampa işığına toplaşardı ailəmiz. İndiki kimi elektrik və qaz yox idi. Evlərimizi isitmək belə asan deyildi. Evi qızdırmaq üçün odun, neft, “solyarka”  kimi  şeylərdən istifadə edərdik. Bu isə çətin idi, soyuğun qarşısını almaq olmurdu,  baha başa gəlirdi.  Sobanın içində odun bitər-bitməz soba sönər ev soyuyardı.  İndi ən ucqar kənddə qaz var, istilik var, şərait var, rhatlıq var, inkişaf var.

O zamanlar suyu qızdırmaq üçün də ocaq qalayardıq, qaz yox idi indiki kimi. Rabitə zəif idi, internet deyilən şey nə idi bilmirdik. İndi çox tədris məktəbləri, internet klublar var. Hətta görürsünüz onları mən də əzbərləmişəm. Komputerləriniz, cib telefonlarınız...

O zamanlar kənddə bir, iki evdə telefon olardı, ya da olmazdı. İndi çox şükür,          bütün ucqar kəndlərdə belə telefon xətləri mövcuddur, internet şəbəkəsi aktivdir. Kimlə istəsəniz məktublaşırsınız. Bizim dövrümüzdə isə dünyanın o başına məktub yollayar, aylarca cavabını gözləyərdik. Məktub ya itər-batar ya çatar, ya da geri qayıdardı.

O zamanlar dövlət orqanlarına əlimiz çatmırdı.  İndi internet vasitəsiylə təşəkkür, ya  şikayətlərinizi bildirir və qısa zamanda cavab alırsınız.

Balalarım əvvəllər belə xəstəxanalar da yox idi.  Xəstəliklərdən ölənlərin sayı çox idi, avamlıq idi ay bala, avamlıq olmayan anlarda isə imkansızlıqdan ölürdü xəstələr. İndi dövlət proqramları çərçivəsində müayinələr var, düzgün diaqnoz, savadlı kadrlarla zəngin , texnologiyanın son nailiyyəti olan müxtəlif cihazlarla təmin edilmiş xəstəxanalar var. Hələ məktəbləri demirəm...

Əvvəllər məktəblər belə gözəl deyildi, müəllim tapılmırdı dərs desin. Elektron lövhələrimiz, açıq dərslər, sanballı dərs vəsaitlərimiz belə yox idi. İndi gözəl məktəblər, bağçalar, təlim-tədris mərkəzləri, yaradıcılıq məktəbləri var. İndi uşaqlar vaxtlarını səmərəli keçirir, həyatlarını dolu və mənalı yaşayırlar. Dərslərdən əlavə idmana, rəqsə, şahmata gedir, savadlarının  səviyyəsini  yüksəldirlər. İndi insanlar gözəl və möhkəm evlərdə yaşayırlar,  rahat nəfəs alırlar. Gecələr də gündüzlər qədər aydındır artıq. Sanki şəhərə ulduz yağıb. Hər yer çıraqbana çevrilib. Əvvəllər qonşuya getmək olmurdu qaranlıqda, göz-gözü görmürdü. İndi gecələr də, gündüzlər kimi güvənlidi, maraqlıdı. İnsanlar həvəslə çalışır, həvəslə yaşayırlar. Qeyd edim ki, iş yerləri çoxaldılıb, əmək yarmarkaları vasitəsiylə işlə təminat artıb. Milli özünüdərk, özünə qayıdış hiss edilir. Mentalitetimizin təbliğinə güclü imkanlar yaradılıb. Mədəniyyətimizin inkişafı sahəsində böyük addımlar atılıb.

Əvvəllər kitab tapmazdıq oxuyaq, oradan- buradan kitablar tapardıq güc-bəla ilə, o da rus dilində.  İndi sizlər üçün ana dilimizdə  elektron kitabxanalar yaradılıb. Dünya şöhrətli bir çox kitab dilimizə tərcümə edilib. Çörək növbəsindən əlavə, kitab növbəsinə dururduq.

Nənəmin dediklərini dinlədikcə bu sözlərdəki doğruluq payını gördükcə nələrə şükr edəcəyimizi anlayırdım.  

İngilis alimi Frensis Bekon demişkən: Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər.

Təkcə elm deyil reallıqlara da insan həqarətlə baxmamalı, doğru analiz etmə gücünə sahib olmalıdır. Az müddətdə gedilən yolu görməli, baş verən inkişafı alqışlamalı və bu inkişafda əməyi olanlara hörmət etməliyik.

Nənəm çayından bir qurtum alıb ayağa qalxdı və gülümsəyib, dedi:

-Artıq xalqın rahat və firavan yaşaması üçün hər sahədə uğurlu inkişaf gedib. Şəhərin gözəlliyi təkcə naxçıvanlıları deyil, xarici vətəndaşları da heyran edir.

İndi şəhərdən kəndə gələndə hiss etmirəm ki, nə zaman  çatdıq. Yollar güzgü kimidir.  Şəhərdə, kənddə müxtəlif marşrut növləri  xidmət göstərir. Əvvəllər yolların ətrafındakı yaşıl bağları xatırlayıb çox kədərlənərdim. Gözəl meyvə bağlarını…

İndi çox sevincliyəm, yolların kənarında salınan ağaclıqlar, yaradılan yaşıllıqlar insanı bihuş edir. İnanıram ki, inkişafın zirvəsini yaşayacaqsınız. Bu inkişafın təməlini açan, bu inkişafı zərrə-zərrə işləyən hazırlayan, gecəli-gündüzlü zəkasıyla vuruşanları unutmayın. Biz yarımçıq uşaqlıq yaşadıq, tamlığınızın qədrini bilin. Bunu sizə bəxş edənlərə hörmət edin və bircə şeyi unutmayın balalarım şükr etməyi …

Nərgiz İsmayilova

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

 filologiya üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: