Ziyəddin Səfərov çoxsaylı xəsarətlərlə əlaqədar baş vermiş postravmatik şok nəticəsində ölüb - ekspertiza rəyi
Səfərov Ziyəddinin ölüm haqqında tibbi şəhadətnaməsi də bizə təqdim edilib. Bildirilib ki, ölüm xəstəlikdən baş verib. Ona kəskin ürək-ağciyər çatışmazlığı diaqnozu qoyulub.
NUHÇIXAN xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov iyunun 27-də Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitlərinin ekspertizasının nəticələri ilə bağlı AZƏRTAC-da keçirilən mətbuat konfransında bildirib.
Ədalət Həsənov deyib: “Biz meyiti müayinə edərkən hər iki gözün qişasında qansızmalar, sağ gözün alt və üst qəzasında qansızmalar, sol çiyinüstü nahiyədə qançırlı sınıqlar, döş qəfəsinin bayır yan səthində zolaq şəklində sıyrıqlar, baldır və topuq nahiyələrinin qançırları və sınıqları aşkar olundu. Bunlar ölümə səbəb olan diaqnozlar deyil. Daxili müayinələr zamanı isə aşkar etdik ki, başın dəri örtüyünün səthində qansızmalar, döş qəfəsinin küt travması-sıxılması müşahidə edilib. Qabırğasının biri isə yox idi. Beləliklə, Ziyəddin Səfərov çoxsaylı xəsarətlərlə əlaqədar baş vermiş postravmatik şok nəticəsində ölüb”.
Qeyd edək ki, iyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın həyata keçirib. Nəticədə iki azərbaycanlı öldürülüb, bəziləri ağır bədən xəsarətləri nəticəsində yaralanıb, habelə 9 nəfər saxlanılıb.
İyunun 28-də Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda hadisə ilə bağlı dərin narahatlıq ifadə olunub. "Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - deyə bəyanatda vurğulanıb.