Bu gün biz daha çox inteqrasiya edilmiş regiona çevrilmək fikrindəyik. Həmin işlərə gənclərin qatılması bizə daha çox yaradıcı qüvvə gətirəcək, innovasiyaya yol açacaq.
NUHÇIXAN xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan Ağdamda İƏT Həftəsi çərçivəsində keçirilən İƏT-in Gənclər Forumunda çıxışı zamanı deyib.
"İƏT regionu öz mədəniyyətləri, müxtəlifliyi, iqtisadiyyatları, cəmiyyətləri ilə fərqlənir. Ölkələrdə olan əhalinin 60 faizi məhz gənclərdən ibarətdir. Yaxşı təhsilə malik olan gənclər dayanıqlılığı, inkişafı və regional artımı irəliyə aparacaq bir gücə çevriləcək. Dünyanın müxtəlif yerlərində çağırışlar üzə çıxır. Bu regionda gənclər öz sözlərini deməlidirlər. Demək olar ki, bütün dünya üzrə gənclərin 30 faizi məşğuliyyətlə, həmçinin əmək bazarına çıxışla bağlı problemlərlə üzləşir. Gənclərə bu gün müəyyən bacarıqlar formalaşdırmaq imkanı yaradılmalıdır. Əlbəttə ki, yeni iş yerləri haqqında danışırıqsa, texniki bacarıqlar, bilik və savad çox vacibdir. Çünki biz yeni gələcək iqtisadiyyat haqqında danışırıq. Həmçinin İƏT regionunda gənc qadınlar məşğulluq baxımından böyük məhrumiyyətlərlə üzləşirlər. Siyasi mübarizə, münaqişələr səngimir ki, bu da qeyri-mütənasib şəkildə gənclərə təsir göstərir, yoxsulluğu daha da kəskinləşdirir və daha çox gərginliyə yol açır. Lakin ölkələrimiz arasında tarix və dəyərlər baxımından çox oxşarlıqlar var. Biz istənilən imkandan istifadə etməliyik ki, bir-birimizi daha çox tanıyaq, körpülər salaq, öyrənək, təcrübə mübadiləsi aparaq. Bu da əslində, bizim planlarımızın bir hissəsidir və gələcəyə doğru yatırılan sərmayədir”, - deyə o vurğulayıb.
Baş katib əməkdaşlıq proqramlarının universitetlərlə, təhsil ocaqları ilə birlikdə tərtib edilməsinin tərəfdarı olduqlarını diqqətə çatdırıb. “Qarabağ regionunda buna çalışacağıq. Ümid edirik ki, növbəti dəfə buraya gəldikdə, daha çox inkişaf görəcəyik. İstərdik ki, Qarabağ Universitetinin rektorunun təklifi ilə tələbə mübadiləsi proqramlarını həyata keçirək. Regionun müxtəlif yerlərindən gənclər buraya gəlib, təhsil alsınlar. Gənclərə sərmayələrin yatırılması ümumi gələcəyimizə yatırılan sərmayədir. Gənclərin bu işə qatılması regionun dayanıqlı inkişafına, iqtisadi artıma və regional əməkdaşlığa töhfə verəcək. Düşünürəm ki, bu, İƏT-in planlarının reallaşmasına daha çox töhfə verəcək. Mən Azərbaycan Respublikasının hökumətinə forumun təşkilinə görə təşəkkür edirəm. Azərbaycanın bu sahədə göstərdiyi rəhbərlik keyfiyyətləri, bu cür tədbirlərin təşkilində apardığı işlər gənclərin regional inkişaf məsələlərinə, tərəqqi işlərinə qatılmasına imkan yaradır", - deyə Əsəd Məcid Xan bildirib.