5 minillik şəhər mədəniyyətinə malik olan və mühüm strateji mövqedə yerləşən Naxçıvan tarixin müxtəlif dönəmlərində yadelli işğalçıların hücumlarına məruz qalıb, dağıdılıb, talan edilib. Lakin bu elin igid oğulları birləşərək qədim oğuz yurdunu yenidən dirçəldib gələcək nəsilllərə miras qoya biliblər. XVIII əsrin ortalarında yaranan və ilk müstəqil xanlıqlardan biri olan Naxçıvan xanlığı isə Azərbaycanın dövlətçilik tarixində mühüm bir səhifənin əsasını qoyub.
1747-ci ildə Nadir şah hakimiyyəti devrildikdən sonra Azərbaycanın başqa bölgərində olduğu kimi, Naxçıvanda Kəngərli tayfa başçısı Heydərqulu xan yerli feodallara arxalanaraq özünü buranın ilk xanı elan etdi. Beləliklə, Naxçıvan tarixinin yeni səhifəsi-xanlıqlar dövrü başlandı. Səfəvi imperiyası dövründə onun inzibati-ərazi vahidlərindən biri olan Çuxursəd bəylərbəyliyinin ərazisində yaranan Naxçıvan xanlığı Zəngəzur dağlarından başlamış Araz çayı vadisinə qədər olan ərazini, eyni zamanda Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edirdi.
Heydərqulu xanın vəfatından sonra onun oğlanları xanlığı idarə edirlər və ən uğurlu dövr oğlu Şükrulla xanın dövrünə təsadüf edir. 1768-ci ildən 1780-ci ilədək fasilələrlə Naxçıvan xanlığına rəhbərlik edən Şükrulla xan Heydərqulu xan oğlu Kəngərli Kərim xan Zəndin fərmanı ilə müstəqil xan, yəni hakim tituluna layiq görülməklə yanaşı, bütün Kəngərli süvarilərinə sərkərdə təyin olunduğu müddətdən etibarən tümən hakimi kimi şöhrət tapır.
XVIII yüzilliyin sonlarında Naxçıvan xanlığında hakimiyyət uğrunda mübarizə güclənir. İrəvan xanı Hüseynəli xan, Qarabağ xanı İbrahimxəlil xan və Kartli-Kaxetiya çarı II İrakli istəyirlər ki, Naxçıvan xanları onların diktəsi ilə hərəkət etsin. Bunu isə Abbasqulu xanın simasında görürlər. Beləliklə, Rəhim xanın oğlu Abbasqulu xan 1780-ci ildə xanlığı idarə etməyə başlayır. Lakin onun iradəsizliyi hakimiyyətdəki uğursuzluğu ilə nəticələnir və 1810-cu ildə İranda edam edilir.
Naxçıvan xanlığı 1747-1797 illərdə daxili və xarici siyasəti ilə qonşu xanlıqların rəğbətini qazanmış Heydərqulu xanın, sonralar isə I Kalbalı xanın hakimiyyəti dövründə siyasi diplomatiyası ilə də fərqlənib. Xanlığın ərazisi, qoşunu, pul vahidi, xarici və daxili siyasəti, müstəqil dövlətə məxsus atributları olub.
Rus qafqazşünasları görkəmli sərkərdə və bacarıqlı dövlət başçısı olan Kalbalı xan haqqında öz əsərlərində bəhs edərək yazırlar: “Bu xan özünün igidliyi, əzəməti, məğrurluğu, sərtliyi və düşmənə amansızlığı ilə məşhurdur.”
Kalbalı xan Kəngərli süvarilərinin nizam-intizamına ciddi fikir verdiyindən xanlığın sərhədlərini ayıq-sayıq qoruyan Kəngərli süvariləri öz əvvəlki şöhrətinə qayıtmışdı. Buna görə də başqa xanlıqlar belə Kalbalı xandan ehtiyat edirdilər. Knyaz Sisianov isə Rusiyanın hakim dairələrini, həmçinin əli çatan xanlıqları xəbərdar edirdi ki, Kalbalı xandan özlərini qorusunlar. Qafqaz canişinləri isə Kalbalı xanın nüfuzunun xalq arasında çox yüksək olduğunu bilirdilər.
Qeyd etmək yerinə düşər ki, müəyyən səbəblərdən hakimiyyətin tez-tez dəyişildiyi Naxçıvan xanlığı 1787-ci ildən 1797-ci ilədək I Kalbalı xanın hakimiyyəti zamanı intibah dövrünü yaşayıb. Bir sözlə, I Kalbalı xanın hakimiyyəti illərində müstəqil Naxçıvan xanlığı varlı və firavan bir xanlığa çevrilib.
XVIII əsrin sonları XIX əsrin əvvəllərində Naxçıvan xanlığının inzibati-ərazi bölgüsündə aparılan dəyişiklik haqqında mənbələrdə deyilir: “1797-1828-ci illərdə buranın idarə olunmasını asanlaşdırmaq məqsədilə Cənubi Azərbaycana hakim təyin edilmiş Abbas Mirzə Naxçıvan xanlığını Naxçıvan və Ordubad dairələrinə bölmüşdü. Həmin dairələr isə öz növbəsində mahallara bölünürdü. Naxçıvan dairəsinə Əlincə, Xok və Dərələyəz mahalları daxil edilmişdi. Ordubad dairəsi isə Ordubad, Əylis, Dəstə, Biləv və Çənnəb mahallarından ibarət olmuşdur”. Naxçıvan xanlığında, əsasən Naxçıvan, Ordubad və Əylis şəhərləri mövcud olub. Bu şəhərlərdə qalalar çox olduğundan şəhəri idarə edənlər qalabəyilər və kələntərlər adlanırdı.
1752-ci ildən sonra Naxçıvan xanlığında əsasən Naxçıvan və Ordubad şəhərləri siyasi və iqtisadi baxımdan əhəmiyyət kəsb edirdi. Xanlığın mərkəzi olan Naxçıvan şəhərində qala divarları arasında 30 minə yaxın ev olub. Şəhər xanlıqlar dövründə feodal ara müharibələri və xarici hücumlar nəticəsində ciddi dağıntılara məruz qalsa da yenidən dirçəlib. Mənbələrdə qeyd olunur ki,: “ Naxçıvan çox qədim şəhərdir. Hər 200-300 ildən bir şəhər özülünə qədər dağıdılırdı. Ancaq hər dəfə yenidən bərpa edilirdi”.
İlkin şəhər mədəniyyətinin yarandığı və təxminən 5000 il bundan əvvəl şəhər tipli yaşayış məskəninə çevrilən Naxçıvan şəhəri xanlıq dövründə inzibati cəhətdən Əlixan, Şahab, Qurdlar, Sarvanlar olmaqla dörd məhəlləyə bölünmüşdü.
Azərbaycanın ictimai-iqtisadi münasibətlərinin tərkib hissələrindən biri də Naxçıvan xanlığının sosial-iqtisadi həyatı idi.
Xanlıqda iqtisadiyyatın əsasını heyvandarlıq və əkinçilik təşkil edirdi. Azərbaycan xanlıqları arasında pambıqçılıqda mühüm yeri Naxçıvan xanlığı tuturdu. Buradan pambığı Bəyazidə, Qarsa, Tiflisə, Qarabağa ixrac edirdilər.
Bu dövrdə sənətkarlıq da özünün yüksək inkişaf mərhələsinə çatıb. Naxçıvan və Ordubad şəhərlərində, həmçinin kəndlərin bir çoxunda nəfis xalçalar toxunurdu. Bölgədə xalça həm şəxsi istifadə, həm də satış üçün hazırlanırdı. Xalçaçılıqla yanaşı, toxuculuq da xeyli inkişaf etmişdi. Mənbələr göstərir ki, təkcə Naxçıvan şəhərində 40 bez toxucusu olub. Sənayedə isə sənətkarlıq üstünlük təşkil edirdi. Şəhərlərdə və bəzi kəndlərdə külli miqdarda pambıq, ipək və yun parça istehsal edən, dəri emalı ilə məşğul olan, eləcə də zərgərlik məmulatı, mis və gil qablar hazırlayan emalatxanalar o cümlədən silah ustaları, dərzilər, ayaqqabı ustaları, misgərlər, dəmirçilər, dulusçular fəaliyyət göstərirdi. Xanlıqda dulusçuluq xeyli inkişaf etmiş, sənətkarlığın aparıcı sahəsinə çevrilmişdi.
Sənətkarlığın, ticarətin, elm və mədəniyyətin inkişaf etdiyi Naxçıvan xanlığının həm də zəngin hərb tarixi olub. Arxiv sənədlərinə görə, Naxçıvan uzun müddət Səfəvi dövlətinin xidmətinə “Naxçıvan süvariləri” adı altında Kəngərli tayfalarından yığma atlı dəstələr göndərib. Döyüş məharətləri ilə Kəngərli süvari dəstələri xanlığın müdafiəsində də önəmli rola malik olublar.
Naxçıvan xanlığının Kəngərli süvariləri haqqında deyilir: “Onlar haqqında fikir demək üçün gərək o süvariləri döyüş vaxtı müşahidə edəsən. Bunlar elə bil ki, qəzəblənmiş Allahın odu və ildırımlarıdırlar. Döyüş vaxtı göydən qoşunun lap mərkəzinə düşür, ölüm və dəhşət səpələyirlər”. Mənbələrin verdiyi məlumata əsasən I Kalbalı xanın hakimiyyəti dövründə Naxçıvan xanlığının qoşununda döyüşçülərin sayı 12 min nəfərdən ibarət olub. İstər xanlıq dövründə, istərsə də Naxçıvan xanlığının Rusiya tərəfindən işğalından sonra Kəngərli süvariləri əvvəlki döyüş hünərlərini qoruyub saxlayıblar.
Naxçıvan xanlığında atlı dəstənin-Kəngərli süvarilərinin vahid forma və xüsusi geyimləri də olub. Hətta atların başlarına geyindirdikləri qırmızı rəngli kaporlar onları digər döyüşçülərdən fərqləndirib.
Naxçıvan xanlığının əlaqələri
Müstəqilliyinin qorunması üçün Naxçıvan xanlığı Qarabağ, İrəvan, Xoy, Maku, Qaradağ və Gəncə xanlığı ilə hələ Heydərqulu xanın dövründən yaxın dostluq münasibətləri yaratmışdı. Naxçıvan xanlığının qonşu xanlıqlarla və Qafqazda marağı olan böyük dövlətlərlə möhkəm və qarşılıqlı münasibətlər qurmaq məsələsində ilk addımı isə I Kalbalı xan atmışdı. Həmin illərdə Qafqaz regionunda böyük hərbi qüvvəsi olan Rusiya ilə bu yöndə danışıqlar aparmış və bununla nəinki Naxçıvan xanlığının, hətta bütün Qafqazın təhlükəsizliyinə çalışılmışdı.
O dövrdə I Kalbalı xanın çox güvəndiyi xanlıqlardan biri Qarabağ xanlığı idi. Bu isə İran şahı Ağa Məhəmməd şah Qacarı çox qəzəbləndirirdi. Ona görə də Qacar Naxçıvana yolladığı süvari dəstəsinə əmr vermişdi ki, xanlığı darmadağın edib əhalini İranın ucqarlarına köçürsünlər. Qacar qoşunlarına müqavimət göstərə bilməyəcəyinə əmin olan Kalbalı xan əhalini gözlənilən bəladan qurtarmaq üçün qiymətli hədiyyələrlə şahla görüşməyi qərara alır. Ancaq Ağa Məhəmməd şah ondan hədiyyələri alsa da, V. Zubovla məktublaşdığına və Rusiya dövlətinin himayəsinə keçmək istədiyinə görə onun gözlərini çıxartdırıb bir məhbus kimi Tehrana göndərir. 1797-ci ildə Ağa Məhəmməd şah Qacar öldürüldükdən sonra hakimiyyətə gələn Fətəli şah I Kalbalı xanı həbsdən azad etsə də, ona Naxçıvanda yox, İrəvanda yaşamağa icazə verir.
O zaman Naxçıvan xanlığını artıq Abbasqulu xan idarə edirdi. Gözlərini itirsə də ruhdan düşməyən Kalbalı xan siyasətdən kənarda qalmır, İrəvan xanı Məhəmməd xanın etimadını qazanır və xanlığın etibarlı adamına çevrilir. Kalbalı xanın naxçıvanlılar arasında böyük hörmətə malik olması yerli əyanların İrəvana köçməsinə şərait yaradır. Abbasqulu xan isə bu axının qarşısını ala bilmir. Nəticədə özü də hakimiyyətdən uzaqlaşdırılır və İrəvana gedir. Naxçıvanlıların eyni zamanda Abbasqulu xanın İrəvana getmələri Kalbalı xanın siyasi aləmdə mövqeyini daha da möhkəmləndirir.
O dövrdə Naxçıvanda hadisələrin tez-tez dəyişməsi və Naxçıvanın müdafiəsində ayıq-sayıq dayanan I Kalbalı xanın fəaliyyəti daxildə xanlıq və dövlətlərin marağına zidd idi. İrəvan xanı Hüseynqulu xanın xəyanəti nəticəsində Kalbalı xan xanlıqdan məhrum edilərək ailəsi ilə birlikdə İrana göndərilir. Hakimiyyət Nəzərəli xana keçir. Vəziyyəti belə görən Kalbalı xanın oğlu Şeyxəli bəy öz adamları ilə Qarabağa gedərək ruslara qoşulur və Naxçıvan yürüşündə onlara bələdçilik edir.
Beləliklə Cənubi Qafqazın ələ keçirilməsi uğrunda gərgin mübarizə başlayır. Həm Rusiya, həm İranın maraq dairəsində olduğundan Naxçıvan tez-tez yadelli işğalçıların döyüş meydanına çevrilirdi. 1808-ci il oktyabr ayının əvvəllərində general-mayor Nebolsin 78 zabit və 3062 əsgərdən ibarət 9 batalyonla Qarabağdan Naxçıvana hücuma keçir. Qarababa döyüşlərində ruslar Abbas Mirzənin komandanlıq etdiyi İran ordusunu məğlubiyyətə uğradır. Nəticədə Naxçıvan ruslar tərəfindən tutulur.
Hadisələrin gərgin olduğu belə bir tarixi şəraitdə rusların İrəvan qalasına növbəti irimiqyaslı hücumu nəticəsiz qalır və ruslar ciddi tələfat verərək geri çəkilməyə məcbur olurlar. Bölgədə möhkəmlənə bilməyəcəyini görən Nebolsin Naxçıvanı tərk edir. Naxçıvanın xüsusi əhəmiyyətini nəzərə alan İran taxt-tacının vəliəhdi Abbas Mirzə Kalbalı xanın imkanlarından öz xeyrinə istifadə etmək məqsədilə onun həbsdən azad olunması üçün Fətəli şaha müraciət edir və bu müraciət cavabsız qalmır. Beləliklə 1812-ci ildə Kalbalı xan yenidən Naxçıvanda hakimiyyətə gəlir.
Rusiya-İran müharibələri və Türkmənçay müqaviləsi
1813-cü ildə bağlanmış Gülüstan müqaviləsindən sonra Naxçıvan xanlığı ən çətin dövrünü yaşayırdı.1804-1813-cü illərdəki müharibə başa çatsa da, Rusiyanın Naxçıvan xanlığını işğal etmək planı gündəlikdə dururdu. Müharibənin bitməsinə baxmayaraq, bölgədə gərginlik qalmaqda idi. Rusiya imperiyası özünün nizami qoşunlarını, eləcə də kazaklardan təşkil olunmuş döyüşçü dəstələrini Qafqaz xəttində yerləşdirməkdə davam edirdi. 1816-cı ildə Rusiya çarı I Aleksandr A.P. Yermolovu Qafqazdakı rus qoşunlarının baş komandanı və İrana gedəcək səfirliyin başçısı təyin etdi. Yermolovun 200 nəfərdən çox adamı əhatə edən missiyası Peterburqdan Tiflisə yola düşür. Həmin heyət 1817-ci ilin aprelin 30-da İrəvanda qarşılanır və mayın 11-də Naxçıvana gəlib çatır. Yermolov başçılıq etdiyi dəstənin daha rahat, təhlükəsiz yolla, Xəzər dənizi sahili ilə Tehrana getmələrini təmin edə bilərdi. Amma Yermolov İrəvan və Naxçıvan xanlıqlarının ərazisindən keçib getməsinə üstünlük vermişdi. Əsas məsələ hər iki xanlığın Rusiyanın uzun illər siyasi marağında olması idi. Eyni zamanda Yaxın Şərqdə öz müdrikliyi, igidliyi və boyun əyməzliyi ilə məşhur olan əfsanəvi Kalbalı xan Kəngərli ilə görüş nəzərdə tutulmuşdu.
XVIII əsrin sonu XIX əsrin əvvəllərində Naxçıvan bölgəsində ictimai-siyasi vəziyyət mürəkkəb idi. Vahid dövlətin olmadığı parçalanmış Azərbaycanda feodal pərakəndəliyi hökm sürür, ayrı-ayrı xanlıqlar arasında çəkişmələr davam edirdi. Bütün bunlar isə regionu işğal etmək niyyətində olan çar Rusiyası üçün əlverişli məqam idi.
1826-cı ilin iyul ayında İran ilə Rusiya arasında növbəti müharibə başladı. İmperator I Nikolay İran qoşunlarına qarşı döyüşlər üçün general Paskeviçi Qafqazda məsul vəzifəyə təyin etdi. Paskeviçin qarşısında duran əsas vəzifə qəfildən zərbə endirməklə İrəvan və Naxçıvan xanlıqlarını digər bölgələrdən təcrid etmək və xanlıqların müdafiəsini zəiflədərək işğalına nail olmaq idi. Bu məqsədlə Paskeviç İrəvan və Naxçıvan arasında mövqelərini möhkəmlətdi. Qoşun iyunun 25-də Naxçıvan şəhərinin yaxınlığında dayandı. İran qoşunları Naxçıvanı tərk edən zaman şəhərin bir sıra görkəmli binalarını yandırıb dağıdaraq Araz çayı kənarında Abbasabad qalasını möhkəmləndirdilər.
İran-Rusiya danışıqları 1828-ci ilin yanvar ayında yenidən başlandı. Danışıqlar Təbriz yaxınlığındakı Türkmənçayda baş tutdu. Türkmənçay sülh danışlıqlarında Rusiya imperiyası tərəfindən əlahiddə Qafqaz ordu komandanı İ.Paskeviç, A.Obrezkov, xarici işlər nazirliyindən A.Qriboyedov, şah höküməti tərəfindən şahzadə Abbas Mirzə, Mənucər xan və Mirzə Əbülhəsən xan iştirak edirdilər. İran Rusiya ilə sülh danışıqlarında Naxçıvan və İrəvanın geri qaytarılmasını tələb etsə də, tezliklə bu iddiadan əl çəkir. Çar Rusiyası Türkmənçay müqaviləsinin bağlanmasından sonra ermənilərin Şimali Azərbaycan torpaqlarına, eləcə də Naxçıvana köçürülməsi prosesinə başlayır. Həmin vaxt Qriboyedov narahatlıq hissləri ilə Paskeviçə geniş bir məktub yazır. Məktubda deyilir: “Türkmənçay müqaviləsindən sonra ermənilərin Naxçıvan vilayətinə köçürülməsi düşünülməmiş bir siyasətdir. Çünki rus hökumətinin belə bir köçə razılıq verməsi Naxçıvanda yerli və köklü əhalinin haqlı etirazına səbəb olur. Bu köçəcən Naxçıvanda əvvəllər çox az miqdarda-barmaqla sayılası qədər erməni yaşayıb. Türkmənçaydan sonra İrandan köçürülən ermənilərin sayı süni surətdə Naxçıvanda yaşayan köklü müsəlman əhalisinin sayına çatdırılır”. Qeyd etmək yerinə düşər ki, Qriboyedovun Paskeviçə göndərdiyi məktub kimi, İrəvan şəhərinin hakimi, Çuxursəd bəylərbəyi Rəvanqulu xanın 1519-cu ildə Şah İsmayıl Xətaiyə yazdığı məktub da tarixən ermənilərin Qafqaza hansı şəraitdə gəlib məskən salmalarını sübut edən rəsmi dövlət sənədi və tarixi fakt kimi müstəsna əhəmiyyətə malikdir. Bu köçürmə siyasətində isə çar Rusiyasının əsas məqsədi müstəmləkəçilik idarə sistemini daha da möhkəmləndirmək, əzəli Azərbaycan torpaqlarında Ermənistan dövləti yaratmaqla gələcək hərbi yürüşlərə, işğalçılıq planlarına zəmin hazırlamaq idi. Qədim İrəvan o cümlədən Naxçıvan torpaqlarında yerləşdirilən ermənilər sonrakı illərdə iddiaları ilə çoxsaylı qırğınlar törədəcək, azərbaycanlıları soyqırıma məruz qoyacaqdılar.
Beləliklə, Naxçıvan və İrəvan xanlıqları da məcburən Rusiyaya ilhaq edildi. Naxçıvan xanlığı süqut etsə də, öz imzasını tarixə qızıl hərflərlə yazdı.
Gerçək tarixi məhv etmək mümkün olmadığı kimi, uzun illər gizli saxlanılan Naxçıvan xanlığının zəngin arxivi də açıldı. Ötən müddət ərzində Naxçıvan xanlığının görkəmli şəxsiyyətləri, hərb xadimləri, əhalisi, sosial-iqtisadi və siyasi tarixinə dair kitablar, xəritələr çap olunub rus tədqiqatçılarının Naxçıvan xanlığı barədə kitabları Azərbaycan dilinə tərcümə edilərək ayrıca kitab halında oxucuların ixtiyarına verilib. Yeni tədqiqatlar əsasında “Naxçıvan xanlığı” kitabı çap olunub, 2 hissəli “Naxçıvan xanlığı” sənədli filmi və video çarxlar hazırlanıb.
Bu dövrdə həyata keçirilən tədbirlərin bir istiqamətini də Naxçıvan xanlığının dövlət rəmzlərinin müəyyən olunması işini əhatə edib. Bununla bağlı tədqiqatlar aparılaraq, kitablar, elmi tezislər çap olub. Kəngərli süvari dəstəsinin fəxri və döyüş bayrağı, eləcə də Naxçıvan bəy drujinasının döyüş bayrağı əslinə uyğun şəkildə bərpa edilərək nümayiş olunması üçün Naxçıvan Dövlət Bayraq Muzeyinə verilib. Eyni zamanda Rusiyanın Sankt-Peterburq şəhərindəki muzeylərdən tapılan Naxçıvan xanlığının dövlət və döyüş bayraqları bu ərazidə mövcud olmuş dövlətlərin rəmzlərinin müəyyən edilməsi sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Bu tapıntılar Azərbaycanın xanlıqlar dövrü dövlət atributlarının müəyyən edilməsi sahəsində tədqiqatlara mühüm elmi istiqamət verir. Bayrağın üzərindəki səkkizguşəli ulduzların dahi memar Əcəmi Naxçıvani yadigarı olan Möminə xatın türbəsi üzərindəki ulduzların üslubunda əks etdirilməsi, aypara təsviri və günəş rəngi bayrağa sahib olan xanlığın və bu ərazidə yaşayan əhalinin siyasi-ideoloji, tarixi-mənəvi və dini baxışlarını kompleks şəkildə təcəssüm etdirir. Təsadüfi deyil ki, ilk dəfə dövlət bayrağı üzərində təsvir olunan bu inanclar və dövlətçilik simvolları yüz il sonra Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağında bir daha öz əksini tapmışdır.
Naxçıvan xanlığı eyni zamanda Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Olduqca gərgin bir dövrdə yaranan bu dövlət qurumu Azərbaycanda inzibati idarəçiliyin formalaşmasına öz töhfəsini vermiş, xalqımıza məxsus tarixi ərazini, dili və milli mədəniyyəti qorumaqla Azərbaycan Atabəylər dövlətinin davamı Araz–Türk respublikasının sələfidir.
Naxçıvan şəhərinin mərkəzində I Kalbalı xan Kəngərlinin tikdirdiyi XVIII əsrə aid şərq memarlığı üslubunda olan Xan sarayı Naxçıvan xanlığının zəngin dövlətçilik və hərb tarixini özündə tamamilə əks etdirir. Naxçıvan MR Ali Məclsinin Sədri Vasif Talıbovun 2010-cu il 23 oktyabr tarixli sərəncamına əsasən Naxçıvan xanlarının sarayında yaradılan muzey Naxçıvan xanlarının, bütövlükdə tariximizdə iz qoyan Kəngərli sülaləsinin çoxşaxəli fəaliyyətini izləmək baxımından mühüm mədəniyyət müəssisəsidir. 300-ə yaxın eksponatın nümayiş etdirildiyi muzeydə arxiv sənədləri, Kəngərli nəslinin görkəmli nümayəndələrinin foto və portretləri, tədqiqatçıların əsərləri yer alır.
Tarixən Kəngərli sərkərdələri Naxçıvanı azad, firavan görmək naminə mübarizə aparıb və bu yolda göstərdikləri hərbi məharətləri ilə dünyaya səs salıblar. Bu gün biz Kəngərli sərkərdələrinin hər qarışı uğrunda vuruşduğu, qoruduğu və bizlərə əmanət etdiyi, arzularında olduğu müstəqil Azərbaycanda, firavan Naxçıvanda yaşayırıq. Bu inkişafın təməli isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Sarsılmaz, dayanıqlı inkişafdan tərəqqiyə doğru irəliləyən qədim Nuh yurdu bu gün tarixiliklə müasirliyin vəhdətində çulğalaşır.
Vaqif Ağalarov
Naxçıvan Dövlət televiziyasının baş redaktoru